ATƏT DTİHB Azərbaycanda müşahidə missiyasına başladı

  07 Yanvar 2020    Oxunub : 2350
 ATƏT DTİHB Azərbaycanda müşahidə missiyasına başladı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyası bu gündən Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı rəsmi olaraq fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilb.

Qeyd olunub ki, missiya Azərbaycan hakimiyyətinin rəsmi dəvəti əsasında seçkiləri müşahidə edəcək. 12 əsas ekspertin daxil olduğu missiyaya səfir Piter Tecler rəhbərlik edir. 14 yanvar tarixindən etibarən isə DTİHB-nin 30 uzunmüddətli müşahidəçisi fəaliyyətə başlayacaq, seçki günü prosesi 350 qısamüddətli müşahidəçi izləyəcək.

Məlumata görə, missiya erkən parlament seçkilərinin ATƏT öhdəliklərinə və digər beynəlxalq standartlara, demokratik seçkilərlə bağlı öhdəliklərinə, habelə milli qanunvericiliyə uyğun olub-olmadığını qiymətləndirəcək. Bundan başqa, müşahidəçilər namizədlərin qeydiyyatı prosesini, təşviqat fəaliyyətlərini, seçki administrasiyasının və müvafiq dövlət orqanlarının işini, hüquqi bazanın və seçki mübahisələrinin həllini izləyəcəklər.

"Müşahidənin bir hissəsi olaraq, missiya kampaniyanın mediada yayımlanmasını da izləyəcək. Seçki günü DTİHB SMM-ə ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətləri də qoşulacaq və onlarla birlikdə seçki məntəqələrinin açılması, səsvermə, bülletenlərin sayılması və nəticələrin cədvəlinə nəzarət etmək üçün səylərini birləşdirəcəklər.

Seçkidən bir gün sonra ilkin nəticələr barədə açıqlama yayımlanacaq. Bütün seçki prosesini və tövsiyələri əsk etdirən yekun hesabat seçki prosesinin bitməsindən təxminən iki ay sonra dərc ediləcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT   Seçki