Muğam Mərkəzi ötən il rekord sayda tədbir təşkil edib

Muğam Mərkəzi ötən il rekord sayda tədbir təşkil edib
  04 Yanvar 2020    Oxunub:3054
Muğam sənətinin ocağı funksiyasını daşıyan Beynəlxalq Muğam Mərkəzi (BMM) 2019-cu ilə uğurla yekun vurub. Ötən il BMM üçün yaradıcılıq və konsert fəaliyyəti baxımından əlamətdar illərdən biri olub.
BMM-dən Azvision.az -a verilən məlumata görə, sentyabr-dekabr aylarında Mərkəzdə Azərbaycan mədəniyyətinin və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədilə çoxsaylı tədbir və konsertlər reallaşdırılıb. May ayında Mərkəzdə 32 konsert proqramı keçirilmişdisə, noyabr və dekabr aylarında bu konsertlərin sayı müvafiq olaraq, hər ay üçün 48 və 51-dən çox olub.

BMM-in layihələri - “Unudulmayanlar”, “Muğam axşamları”, “Etnik musiqi inciləri”, “Sirlər xəzinəsi”, “Qəzəllər”, “Aşıq musiqisi axşamları” çərçivəsində təşkil edilən konsertlər adından da göründüyü kimi, milli musiqimizin, muğamlarımızın təbliğinə xidmət edir. “Unudulmayanlar” layihəsi çərçivəsində unudulmaz xanəndələr Seyid Mirbabayev, Sara Qədimova, Əbülfət Əliyev, Qədir Rüstəmova həsr olunmuş xatirə gecələri, “Muğam axşamları” layihəsi əsasında “Şur”, “Rast”, “Bayatı Şiraz”, “Çahargah” muğamları dəstgah şəklində muğamsevərlərə təqdim olunub. “Klassik musiqi axşamları”, “Klassik ifaçılıq məktəbimizin görkəmli nümayəndələri" kimi layihələr isə klassik musiqinin, Azərbaycan bəstəkarlıq məktəbinin təbliğinə yönələn ideyalardır. Bu layihələr çərçivəsində klassik musiqi ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin konsert və yubileyləri qeyd edilib, həm yerli, həm də xarici ifaçıların çoxsaylı konsertləri təşkil olunub. Layihə çərçivəsində klassik musiqi ifaçılarının, bəstəkarların yaradıcılıqlarına müraciət olunub, ən gözəl nümunələr təqdim edilib.

BMM-nin səhnəsində rusiyalı bəstəkar və ifaçı Senya Son, violin ifaçısı Sergey Doqadin, Maykl Qutman (violin) və Olqa Domninanın (piano), dünyaca məşhur caz ustalarından Ceymi Devis, Denis Kinq və digərlərinin konsertlərini qeyd etmək olar. Ənənəvi olaraq təşkil edilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının konsertləri və digər beynəlxalq layihələrin konsertləri Mərkəzdə uğurla reallaşdırılıb.

Mövsüm ərzində, eləcə də səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən konsertlər xalqların bir-birinin etnik musiqisinin tanımasına xidmət etməklə beynəlxalq əməkdaşlıq üçün yeni yollar açıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində BMM-in səhnəsində Gürcüstan, Özbəkistan, Meksika, Çin, İndoneziya, Hindistan, Avstriya və digər ölkələrdən olan musiqiçilərin konsertləri keçirilib. Noyabrın 12-14-də macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin iştirakı ilə macar xalq musiqisi, klassik və caz musiqisindən ibarət “Macarıstan musiqisi axşamları” adlı üçgünlük layihə-konsertlər təqdim olunub.

Beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşan möhtəşəm tədbirlərdən biri də oktyabrda Tbilisidə təşkil edilən “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusunda dəyirmi masa olub. Eləcə də Tbilisidə BMM-in təşkilatçılığı ilə “Qarabağ” muğam qrupunun konserti də keçirilib. Bu layihə böyük maraqla qarşılanıb. Qarşılıqlı əlaqələrin nümunəsi kimi, Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri ansamblı, “Eqari” etno-caz qrupu azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüblər.

BMM konsert fəaliyyətini təkcə öz səhnəsində reallaşdırmaqla kifayətlənməyib. Mütəmadi olaraq regionlarda (Ağdam, Füzuli, Horadiz, Şamaxı) eləcə də Bakıətrafı qəsəbələrdə muğam ifaçılarının konsertləri təşkil edilib. “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarında xanəndələrin ifasında təsnif və xalq mahnıları təqdim edilib.

Elmi-tədqiqat sahəsində işlərini davam etdirən Mərkəz dəyirmi masa layihəsi çərçivəsində bir sıra tədqiqat işləri ərsəyə gətirib. Bu işlər nəticəsində, eləcə də BMM-in nəşri olan kitablar və monoqrafiyalar nəşr edilərək ictimaiyyətə təqdim olunub. Muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Azərbaycan tarı: dünən, bu gün və sabah”, “Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri”, “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri”, “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri”, “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” elmi-tədqiqat mövzularında dəyirmi masalarda alim və mütəxəssislərin çıxış edərək təcrübələrini bölüşüblər.

Artıq bir neçə aydır ki, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının səhər efiri hər gün iki saat olmaqla BMM-dən canlı yayımlanır. Bu da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan və xarici ölkələrin televiziya kanalları milli musiqinin təbliği ilə bağlı bir çox layihə və verilişləri Mərkəzdə həyata keçiriblər. Eləcə də ölkəmizdə ilk dəfə təşkil edilən “Azərbaycan vokalçıları” festivalının konsertləri uğurla keçirilib. Birgə əməkdaşlıq nəticəsində yerli və beynəlxalq təşkilatlarla BMM-də təşkil edilən tədbirlərində minlərlə tamaşaçı mərkəzin foyesində təşkil edilən qədim musiqi alətləri ekspozisiyası ilə tanış olublar.

Bütün bu sadalananlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkənin hərtərəfli inkişafı, milli-mədəni irsimizin, musiqi mədəniyyətimizin həm ölkəmizdə, həm də xaricdə tanıdılması, təbliği üçün göstərdiyi misilsiz xidmət nəticəsində mümkün olub. Beynəlxalq Muğam Mərkəzi fəaliyyətini 2020-ci ildə daha da genişləndirərək beynəlxalq layihələr, konsert tədbirləri, elmi-tədqiqat sahəsində seminar və konfranslar, milli musiqi, aşıq və muğam sənətimizin inkişafına və təbliğinə xidmət edən yeni layihələr və konsertlərlə tamaşaçıların görüşünə gələcək.

Azvision.az


Teqlər: Muğam-Mərkəzi  





Xəbər lenti