Naxçıvanda zabit yataqxanası istifadəyə verilib

  31 Dekabr 2019    Oxunub : 1935
Naxçıvanda zabit yataqxanası istifadəyə verilib
Ordunun gücünü təşkil edən əsas amillərdən biri də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu gün Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi kimi müasir əsgər və zabit yataqxanaları, hərbiçi ailələri üçün yeni yaşayış binaları tikilərək istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Naxçıvan şəhərindəki hərbi şəhərcikdə zabit yataqxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan bina yenidən qurulub, qapı və pəncərələr dəyişdirilib. 220 yerlik binada bütün yataq otaqlarının mebelləri yenilənib, mərkəzləşmiş antenna sistemi qurulub, telefon çəkilib, 2 VİP otaq, eləcə də növbətçi və komendant otaqları istifadəyə verilib.

Zirzəmidə bərbər, hamam, camaşırxana, qazanxana yerləşir. Binanın həyətində də abadlıq işləri aparılıb, istirahət köşkü qoyulub.

Sonra Ali Məclisin Sədri hərbi şəhərcikdə görülən abadlıq işləri ilə maraqlanıb. Bildirilib ki, şəhərcikdəki bütün yaşayış binaları təmir olunub, pəncərələri dəyişdirilib, havalandırma sistemləri qurulub, elektrik, qaz, su və kanalizasiya xətləri yenilənib. Hərbi şəhərciyin ərazisi tamamilə asfaltlanıb, hərbiçi ailələrinin istirahəti üçün lazımi işlər görülüb, futbol, basketbol və voleybol meydançaları yaradılıb, uşaq əyləncə qurğuları qoyulub, yollar genişləndirilib, yaşıllıqlar salınıb. Həmçinin Qarnizon tam orta məktəbində və uşaq bağçasında da təmir işləri aparılıb.

Ali Məclisin Sədri hərbiçilərin ailə üzvləri ilə görüşüb, onların bayramını təbrik edərək deyib: “Zabit ailələrinin normal yaşayışının təmin olunması bu gün qarşıda duran əsas məsələlərdəndir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu il Kəngərli rayonunun Qıvraq qəsəbəsində zabit ailələri üçün 44 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmçinin Naxçıvan şəhərində yerləşən hərbi şəhərcikdə də zabit ailələrinin yaşayışı üçün lazımi şərait yaradılmışdır. Ərazidə müasir məktəb və uşaq bağçası, xidmət sahələri və tibb məntəqəsi fəaliyyət göstərir. Bu gün isə subay zabitlər üçün yataqxananın açılışı olmuşdur. Bütün bunlar da imkan verir ki, zabitlərimiz öz xidmətlərini rahat həyata keçirə bilsinlər”.

Hərbiçi ailələri adından minnətdarlıq edən Arzu Quliyeva, Kübra Məmmədova, Cəmilə Əhmədova və Şəfa Əliyeva bayram günündə hərbiçilərin ailə üzvləri ilə görüşlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Hərbiçi övladı Ömər Heydərov vətənpərvərlik mövzusunda şeir söyləyib.

Vəfa Gülməmmədova Ali Məclisin Sədrinə bayram təbriklərini çatdıraraq deyib: “Yoldaşım zabitdir. 20 ildən artıqdır ki, Naxçıvanda xidmət edir və ailəmiz burada yaşayır. Ötən dövrdə muxtar respublikanın böyük inkişaf yolu keçdiyinə şahidlik etmişəm. Əvvəllər hərbiçi ailələrinin yaşayışı üçün normal şərait yox idi. Lakin bu gün ən müasir şəhərcikdə, hərtərəfli təminatı olan mənzillərdə yaşayırıq. Övladlarımızın təhsili, asudə vaxtının səmərəli təşkili üçün bütün tədbirlər görülüb. Bu da bizi sevindirir, qürurlandırır. Dövlətimizlə, ordumuzla fəxr edirik”.

Qarnizon tam orta məktəbinin şagirdi Solmaz Gülməmmədova deyib ki, hərbiçi uşaqlarının təhsili üçün məktəbimizdə lazımi şərait yaradılıb, ən müasir tədris avadanlıqları quraşdırılıb. Qardaşım 2017-ci ildə yüksək balla ali məktəbə qəbul olub, Ali Məclis Sədri ilə görüşüb. Mən də qarşıma məqsəd qoymuşam ki, yaradılan şəraitdən istifadə edərək hərtərəfli təhsil alım.

Ali Məclisin Sədri bütün hərbiçi ailələrini bir daha Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, hərbi şəhərcikdə gələcəkdə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Azvision.az

Teqlər: Naxçıvan   Yataqxana   Hərbi   Ordu