“Atambayev məni və özünü pis vəziyyətə saldı” - Qırğızıstan Prezidenti

  25 Dekabr 2019    Oxunub : 1909
 “Atambayev məni və özünü pis vəziyyətə saldı” - Qırğızıstan Prezidenti
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkənin keçmiş rəhbəri Almazbek Atambayevin taleyinə biganə qalmadığını deyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Jeenbekov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"Mən onun taleyinə biganə deyiləm. Biz müttəfiq olmuşuq. Ölkəmiz üçün ən çətin illərdə, 2005 və 2010-cu illərdə (mart və aprel inqilabları illəri - red.) birlikdə idik. Xalqımızın qəbul etmədiyi bütün rejimlərlə birlikdə mübarizə apardıq", - Jeenbekov deyib.

Prezidentin sözlərinə görə, sələfinin ona qarşı hücumları çox olub, amma heç vaxt cavab verməyib: "Ölkənin birliyi mənim üçün daha vacibdir. Cəmiyyətimizi parçalamaq cəhdləri oldu, konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışlar edildi. Atambayev məni və özünü pis vəziyyətə saldı, dövləti dalana dirədi”.



Qırğıstan Prezidenti əlavə edib ki, əvvəllər Atambayevlə problemlərini tək və şəxsən həll edə bilərdi, amma indi eks-dövlət başçısının tutulması üçün aparılan xüsusi əməliyyat zamanı baş verən iğtişaşlardan sonra bütün məsələlər qanunla həll edilməlidir.

"Parlamentin nəticələrini gördünüz, mən heç nə azaltmaq və əlavə etmək istəmirəm. Bunu görmək mənim üçün asan deyil. Ancaq bir nəfərin deyil, cəmiyyətin maraqlarını qorumalıyam".

Qeyd edək ki, Qırğızıstan parlamentində əsas partiya olan sosial demokratların lideri Atambayev 2017-ci ildə prezident seçkilərinin nəticələrinə görə hakimiyyəti öz varisi və ən yaxın müttəfiqi Jeenbekova təhvil verib. Lakin qısa müddətdən sonra eks-prezidentin komandasının üzvlərinə qarşı cinayət işi başlanıb. Atambayev keçmiş prezident statusundan məhrum edilib və xüsusilə ağır cinayət törətməkdə ittiham olunub. Keçmiş dövlət başçısı ona və tərəfdaşlarına irəli sürülən bütün ittihamların siyasi xarakter daşıdığını bəyan edib.



Qırğızıstanın xüsusi xidmət orqanı 7-8 avqust tarixlərində sabiq prezident Atambayevin paytaxtdan 20 kilometr məsafədə Koy-Taş kəndindəki iqamətgahında saxlanılması üçün əməliyyat keçirib. Sabiq liderin tərəfdarlarına qarşı xüsusi avadanlıqdan istifadə edilib, Atambayev tərəfdarları isə cavab atəşi açıb. İlk gün ərzində onun tutulması mümkün olmayıb. Daha sonra Atambayev özü təslim olub. Baş vermiş insident nəticəsində 136 nəfər yaralanıb, xüsusi xidmət orqanının bir komandiri öldürülüb. Xüsusi dövlət komissiyası baş verənlərə görə bütün məsuliyyəti Atambayevin üzərinə qoyub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qırğızıstan   Atambayev