Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq

Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
  14 Dekabr 2019    Oxunub:5805
Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə kimi yarım əsrdən çox bir dövrü əhatə edən Nadir Qasımovun yaradıcılığı əks olunacaq.

Müxtəlif mövzu və janrlarda əsərlər yaradan sənətkar ilk növbədə Abşeron və Xəzər dənizinin nəğməkarı və romantiki kimi yadda qalıb, bu sahədə adları incəsənətimizin “qızıl fonduna” yazılan bir çox tablolar ərsəyə gətirib.

Bakıda yaşayıb-yaradan rəssam bu sənaye şəhərinin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edirdi. Rəssamın tablolarında günəşin yandırdığı və neft hopmuş torpaq, bəzən mülayim, bəzən tufanlı, dalğalı dəniz, quruda və suda qərar tutan neft buruqlarının təsviri özünəməxsus şəkildə şərh olunur. Hamının gözündə adiləşən sənaye obyektlərinə romantik forma və ovqat verməklə onları bədiiləşdirən rəssam elə ilk sənaye mənzərələri ilə özünü təsdiqləyə, dəstxətini müəyyənləşdirə bilib.

Günlərlə, həftələrlə “Neft Daşları”nda yaşayan, neftçilərin qəhrəmanlıqlarını öz əsərlərində əks etdirən sənətkarın dəyərli işləri sırasında “Neft buruqları”, “İliç buxtası”, “İliç buxtasının qurulması”, “Qırmızı borular” adlı tabloları xüsusi diqqətə layiqdir.

Keçən əsrin 50-ci illərinin ortalarında Nadir Qasımov Azərbaycanın tanınmış şəxsiyyətləri olan SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, həmçinin neft ustası Gülbala Əliyevin portretlərini işləyib. Bu tablolarda sənətdə ilk addımlar atan lakin öz fərdi yanaşma tərzi ilə səciyyələnən bir rəssamı görürük. Bu özəlliklər qocaman neft ustası Gülbala Əliyevin portretində daha qabarıq şəkildə nəzərə çarpır. Rəssam özü qeyd edirdi: “1954-cü ildə mən çox maraqlı və gözəl bir insan olan respublikamızın qocaman neftçisi, Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyevlə görüşdüm. Bu görüşlər mənim üçün böyük əhəmiyyət kəsb edirdi və mən onun portretini yaratdım. Ancaq onun işi, düşüncələri və buruqlar arasında formalaşan obrazı yadımdan uzun müddət çıxmadı”.

Rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlərini çəkirdi.

Rəssamın 100-ə yaxın əsəri Rusiyanın, MDB ölkələrinin, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalarda yer alıb.

O, 1992-ci ildə Azərbaycan Respublikasının “Xalq rəssamı” fəxri adına layiq görülüb. Nadir Qasımov 2000-ci il martın 10-da vəfat edib.

Azvision.az


Teqlər: Xalq-Rəssamı   Sərgi  





Xəbər lenti