“Gültəkin Hacıbəyli nüfuzu olmayan insandır” - ReAl və Müsavatdan cavab

  09 Dekabr 2019    Oxunub : 11243
 “Gültəkin Hacıbəyli nüfuzu olmayan insandır” - ReAl və Müsavatdan cavab
Müsavat və ReAl partiyalarının növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərarı radikal müxalifət cəbhəsində xoş qarşılanmayıb. Ənənəvi boykok yolunu tutan Milli Şura və AXCP 9 fevral seçkilərinə hazırlaşan Müsavat və ReAl-ı hədəfə alıb.
Belə ki, Milli Şura üzvü Gültəkin Hacıbəyli öncəgörmə "bacarığını" işə salaraq bəyan edib ki, seçkidə Müsavat 3, ReAl 2 mandat alacaq. Daha sonra Hacıbəyli hər iki partiyanı nüfuzsuz və zəif olmaqda suçlayıb. Bildirib ki, Müsavat qurultaydan və mühacir biznesinin ifşa olunmasından sonra faktiki nüfuzsuz təşkilata çevrilib. ReAl isə İlqar Məmmədovdan ibarət partiyadır. Bu durumda onların seçkidə uğur qazana biləcəyi mümkün görünmür.



ReAl Partiyasının icra katibi Natiq Cəfərli səsləndirilən ittihamlarla bağlı Azvision.az -a açıqlamasında bildirib ki, Gültəkin Hacıbəylinin bu mövzuda danışmağa haqqı yoxdur.

“Adam iki dəfə mandat alıb. Elə düşünür ki, Azərbaycanda hamı onun kimi mandat alıb, heç bir iş görməyə bilər. Yəni öz təcrübəsinə əsaslanaraq bunu deyir. Onu da qınamıram. Çünki həyatda başqa heç nə görməyib. Onun kimi nüfuzu, ciddi siyasi keçmişi olmayan bir insan parlamentə düşübsə, düşünür ki, hamı belə bir addım ata bilər. ReAl partiyası səs toplayıb, parlamentdə yer qazanmaq istəyir. Biz mandat almaq yox, qazanmaq istəyirik. Gültəkin xanım bu kateqoriyalarla düşünə bilmir. Çünki həyat təcrübəsi ona mandat qazanmaq haqqında düşünməyə imkan vermir”.

ReAl partiyasının nüfuzssuz, İlqar Məmmədovdan ibarət partiya olması ilə bağlı iddialara gəlincə, N.Cəfərli deyib ki, bu məsələdə Gültəkin Hacıbəyli həyatının son təcrübələrinə əsasən çıxış edir: “Bu gün təmsil olunduğu siyasi qurum bir nəfərdən ibarətdir. Gültəkin Hacıbəyli də o bir nəfərin ağzına baxır. Ona görə son dövrlərin şəxsi təcrübəsindən çıxış edir. ReAl həmişə kollektiv kimliyi ilə tanınıb. Bu gün də bu belədir, sabah da belə olacaq. ReAl partiyasının sədri hətta həbsdə olan vaxtı təkliflər göndərib və onlar İdarə Heyətindən keçməyib. Gültəkin xanım barmağını qatlayıb, bircə fakt sadalaya bilməz ki, onun təmsil olunduğu Milli Şurada belə hal olub. Əslində Milli Şura yoxdur, AXCP var. Bu partiyanın liderinin hər hansı bir təklifinin keçmədiyi halı Gültəkin xanım söyləyə bilməz. Xatırlayıram ki, İlqar Məmmədovun 11 təklifi İdarə Heyətindən keçməyib. Bu gün də partiyada kollektiv qərar verilir. Bir sözlə, Gültəkin Hacıbəylinin açıqladığı fikirləri öz həyat təcrübəsinin güzgüdə əksi kimi təsəvvür etmək mümkündür”.



Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə ittihamlarla bağlı bunları deyib: “Hər bir insanın təxəyyülündə canladırdığı fikirlər var. Müsavat partiyasının yetkilisi kimi bu təxəyyüllərə cavab vermək fikrində deyiləm”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: ReAl   Müsavat   Milli-Şura