Bakı Bələdiyyə Teatrı cəbhəyanı bölgələrə səfər edib

  08 Dekabr 2019    Oxunub : 1055
Bakı Bələdiyyə Teatrı cəbhəyanı bölgələrə səfər edib
Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Bələdiyyə Teatrı bir neçə gündür ki, cəbhəyanı bölgələrdə səfərdədir.
Azərbaycan Respublikasının Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun əsasını qoyduqları, fəaliyyətinə ulu öndər Heydər Əliyevin xeyir-dua verdiyi Bakı Bələdiyyə Teatrı mədəniyyət tariximizdə hadisə olmaqla yanaşı, həm də zamanın tələbindən, Qarabağ müharibəsinin odundan, alovundan yaranıb.

Məqsədi ölkədə vətənpərvərlik işini daha da genişləndirmək, Azərbaycan əsgərinin döyüş ruhunu, mənəvi-psixoloji hazırlığını, qələbə əzmini, düşmənə nifrət hissini daha da yüksəltməkdir.

Müharibənin ən qızğın vaxtlarında teatrın yaradıcıları, eləcə də ətrafına topladığı görkəmli səhnə ustaları Sofiya Bəsirzadə, Mirvari Novruzova, Muxtar Avşarov, Məhluqə Sadıqova və başqaları ömürlərinin son vaxtlarını məhz cəbhə bölgələrində, Azərbaycan əsgərinə xidmətdə keçirmişlər. Heç də təsadüfi deyildir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Bakı Bələdiyyə Teatrının fəaliyyətə başlamasının 10 illiyi ərəfəsində 23 nəfərə “Xalq artisti”, “Əməkdar artist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adını verib.

Bakı Bələdiyyə Teatrı öz ənənələrini bu gün də unudulmaz sənətkarlarımızın yadigarı olan Aynur Muxtarovanın rəhbərliyi altında davam etdirir.

Sənət ocağının yaradıcı kollektivi nazirliyin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş “Çingiz dastanı” adlı ikihissəli mənzum tamaşa ilə bu günlərdə cəbhəyanı bölgələrə səfər edib.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanidir.

Beyləqan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə polkovnik Abdulla Qurbani unudulmaz, əbədiyaşar, ulu öndər Heydər Əliyevin bu gün də aktual olan kəlamlarını xatırlayıb: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.

Qeyd olunub ki, noyabr ayının 26-da Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələ barədə də ətraflı söhbət açıb və vətənpərvərlik tərbiyəsi işinin daha da genişləndirilməsi üçün yollar göstərib: “Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq”.

Bakı Bələdiyyə Teatrının növbəti səfəri də Azərbaycan Ordusunun əsasını təşkil edən gənclərin vətənpərvərlik və digər mənəvi dəyərlər əsasında tərbiyəsinə həsr olunub.
Nəzərə çatdırılıb ki, qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur. Biz tarixi sərkərdələrimizi, qəhrəmanlarımızı, onların keçdiyi şanlı döyüş yolunu öyrənmədən, bilmədən yeni qəhrəmanlar yetişdirə bilmərik. Gələcək qəhrəmanlıqlarımızın kökü tariximizdə, milli-mənəvi dəyərlərimizdədir. Əsgər Çingiz Qurbanov da belə qəhrəmanlardandır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvlərini qəbul edərkən deyib: ”Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmanlıqla həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə gəlmişdi. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır... Bütün Azərbaycan Çingizlə fəxr edir... Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır”.

“Çingiz dastanı” tamaşası təqdim edilib. Çingizin doğulduğu Qusar rayonunun Həzrə kəndində Aprel döyüşlərində qazanılan uğurlardan sonra yaşanan qələbəlik, Azərbaycan Dövlət Texniki Universitetini bitirərək kəndə qayıdan və valideynlərindən xeyir-dua alaraq həqiqi hərbi xidmətə yollanan Çingizin Vətən eşqi, intiqam hissi ilə alovlanan necə bir gənc olduğu aktyorların ifasında hamını bir amal, bir məqsəd naminə ölkə rəhbərliyinin ətrafında daha sıx birləşməyə ruhlandırıb. Kütləvi səhnələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti uğurla çıxış edib.

Tamaşanın ikinci hissəsi cəbhə bölgəsində “Açıq qapı” günü tədbiri ilə başlanıb. Çingizin də valideynləri Yeni il ərəfəsində hərbi hissəyə gəlib, Çingiz və digər əsgərlər valideynlərini təlimlərdə, döyüş hazırlığında qazandıqları uğurlarla sevindirirlər. Valideynlər övladlarının xidmət şəraiti, onlar üçün yaradılan şəraitdən çox razıdırlar. Çingizin anası Nailə xanım “Arxadan vurulsan oğul demərəm, oğul sinəsindən vurulmalıdır” – deyə yenə də övladına öyüd-nəsihət verir, atası Salman kişi bir daha babası Qurban kişinin Böyük Vətən müharibəsi illərində göstərdiyi şücaətləri oğluna xatırladır. Yeri gələrsə Çingizin də babası kimi qəhrəman olacağına əminliyini bildirir.

Əsgərlərin nümunəvi çıxışları, komandirin valideynlərlə səmimi görüşü, çaparın gətirdiyi məktubun Çingizə müraciətlə yazdığı “Səni aparan yolar bir gün də qaytaracaq, bizdə də toy olacaq, sizdə də toy olacaq” kəlamının yaratdığı həzinlik tamaşaçılara duyğulu anlar yaşadıb. Çingiz son gülləyə, son nəfəsə qədər vuruşur və əbədiyyətə qovuşur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Çingiz Qurbanov haqqında dediklərini tamaşaçılar ayaq üstə dinləyirlər.

Tamaşa başa çatdıqdan sonra Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov, polkovnik Elşad Əbilov və Aprel döyüşlərinin iştirakçısı “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov səhnəyə qalxaraq teatrın kollektivinə minnətdarlıq edib və bu tamaşanın Çingizin xatirəsinə ehtiram əlaməti olmaqla, vətənpərvərlik tərbiyəsi işində də kəskin silah olduğunu bildirirlər.

Baş rolun ifaçısı Qarabağ mövzusunda çəkilən bir çox filmlərdə iştirak edən istedadlı aktyor İlqar Musayev, Əməkdar artistlərdən Səmayə Sadıxova, Əfqan Soltanov, Aydın Əliyev, Hüsniyyə Mürvətova və başqalarının çıxışları alqışlarla qarşılanır.

Bakı Bələdiyyə Teatrının cəbhəyanı bölgəyə səfəri davam edir.

Azvision.az

Teqlər: Teatr   Cəbhə