“Tağıyevin Rusiyada da mülkləri olub” - 17 milyonluq villa kimindir?

  “Tağıyevin Rusiyada da mülkləri olub”  -    17 milyonluq villa kimindir?
  06 Dekabr 2019    Oxunub:6915
“Azərbaycanda Hacı Zeynalabdin Tağıyevlə bağlı arxivlərin hamısını araşdırmışam. Bu vaxta qədər Türkiyədə onun adına mülk olması ilə bağlı bilgilərə rast gəlməmişəm. Sənədlərdə onun adına ancaq Rusiyada olan mülkləri var”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərində yerləşən Böyükadada tarixi villasının olması və həmin mülkün satışa çıxarılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Tağıyev irsinin araşdırmaçısı bildirib ki, məsələ ilə əlaqədar onun Amerikada yaşayan varisləri ilə əlaqə saxlayıb, dəqiqləşdirmə aparacaq.

“Həmin villanın Tağıyevə məxsus olması dəqiq deyil. Türkiyə mətbuatı yazır, amma bununla bağlı əllərində bir fakt varmı? Bu məsələni hələ dəqiqləşdirə bilməmişəm. Sözsüz ki, Tağıyev o binada yaşamayıb. Qohumlarından, varislərindən kimə məxsus olub, kim satışa çıxarıb? Bu barədə məlumatlı deyiləm. Bu vaxta qədər Azərbaycanda arxivlərin hamısını araşdırmışam, elə bir məlumata rast gəlməmişəm ki, Tağıyevin Türkiyədə mülkü olsun. Sənədlərdə onun adına ancaq Rusiyada mülklər var. Türkiyədəki villa nə vaxt alınıb, onun özünə məxsus olubmu, bu dəqiq deyil. Türkiyədə vaxtı ilə yaşayan varisləri olub. Onlar indi Amerikadadırlar. Qohumları vasitəsi ilə çalışacağıq ki, məsələyə aydınlıq gətirək, araşdırma aparaq”.

Qeyd edək ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb. Rekord məbləğ - 17 milyon lirə dəyərləndirilən 300 illik malikanəyə xeyli müştəri çıxıb. Birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Villa ilin müəyyən aylarında messenatın nəticələri tərəfindən istifadə edilib. Ərazisi 2 miin 400 kvadratmetrdir. 5 otaq və 2 salondan ibarətdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tağıyev  





Xəbər lenti