Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin Astara şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qəbul zamanı vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb və hər biri diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmələrin işi ilə tanış olub. Həmçinin ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs olunub, qarşıda duran vəzifələr müzakirə edilib. Müşavirədə məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi Qəbul