İsmayıl Şıxlıya həsr olunmuş tədbir keçirilib

İsmayıl Şıxlıya həsr olunmuş tədbir keçirilib
  06 Noyabr 2019    Oxunub:3328
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar artist Zemfira Sadıqova, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı xalq yazıçısının yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.
Tədbirdə yazıçının oğlu Elçin Şıxlı çıxış edərək atası, İsmayıl Şıxlı haqqında xatirələrini qonaqlarla bölüşüb.

“Dəli Kür” filmindəki Mələk obrazı ilə yaddaşlarda qalan Zemfira Sadıqova çıxış edərək bildirib ki, bu rol onun kino həyatında ilk və uğurlu işidir. Sonra çıxış edən natiqlər bildiriblər ki, İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Sonda İsmayıl Şıxlının kitablarından və şəkillərindən ibarət sərgi nümayiş olunub.

Azvision.az


Teqlər: İsmayılŞıxlı  





Xəbər lenti