Oktay Gülalıyevi vuran sürücüyə cinayət işi açıldı

  30 Oktyabr 2019    Oxunub : 1862
Oktay Gülalıyevi vuran sürücüyə cinayət işi açıldı
Bakı Şəhər Baş Polis İdarəsi hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması ilə bağlı məlumat yayıb.
İdarədən Azvision.az -a bildirilib ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Gülalıyevi vurulub.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülalıyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Azvision.az

Teqlər: Oktay-Gülalıyev   Sürücü   Cinayət-İşi