XİN həmsədrlərin Qarabağdan Azərbaycana gəlməsini şərh edib

  16 Oktyabr 2019    Oxunub : 847
 XİN həmsədrlərin Qarabağdan Azərbaycana gəlməsini şərh edib
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağdan Azərbaycana gəlişlərinə münasibət bildirib.
Azvision.az-ın məlumatına görə, məsələni şərh edən XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı vardır.

Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir.

“Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır.

Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilmiş və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”, deyə XİN rəsmisi əlavə edib.

Azvision.az

Teqlər: XİN   Qarabağ   Azərbaycan