2500-dən çox şəxsin saxta əlillik statusu aldığı üzə çıxıb

  14 Oktyabr 2019    Oxunub : 1272
 2500-dən çox şəxsin saxta əlillik statusu aldığı üzə çıxıb
Saxta əlillik dərəcəsi almağa cəhd edənlər arasında 18 yaşına çatmayan vətəndaşlar çoxluq təşkil edir.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ümumilikdə saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir.
"Onların arasında sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyənlər, orta və yuxarı yaş kateqoriyasında olan şəxslər də var. 18 yaşına çatmayan oğlanların daha çox əsgərlikdən yayınmasına olan cəhdlər müşahidə edilir. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olanlar üçün pensiyaya çıxma tələbləri daha asandır".

S.Babayev qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün monitorinqlər davam etdirilir: "Əsasən risk kriteriyaları üzrə orta və yuxarı yaşda olan şəxslərdə, əlilliyə görə yüksək pensiya alanlar arasında saxtakarlıqlar daha tez aşkar edilir. Ümumilikdə, monitorinqlər bütün istiqamətləri əhatə edəcək və daimi elektron monitorinqə çevriləcək. Nəticədə ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min insanın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək".

Nazir əlavə edib ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu tərəfındən bu il 2500-dən artıq saxta əlillik dərəəsi almış şəxs müəyyən edilib: "Onlarla bağlı ciddi tədbir görülüb və dövlət büdcəsinə illik 13 milyon manatdan artıq qənaət edilib".

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahil-Babayev   Əlillik   Status   ƏƏSMN   Saxtakarlıq