“Qarabağ Azərbaycandır” şüarı ilə bağlı çağırış edildi

  10 Oktyabr 2019    Oxunub : 1057
“Qarabağ Azərbaycandır” şüarı ilə bağlı çağırış edildi
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, Milli Məclisin deputatları və media nümayəndələri iştirak ediblər.

Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır:

“Ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvana ciddi mesajlar göndərdi. Bunun birincisi, Ermənistan cəmiyyəti, rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərilərinə götürüb. Bu ünvanlardan digəri də Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda, bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülüb. Hesab edirəm ki, münaqişə nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır!" ideyası olmalıdır. Biz bu ideyanın genişlənməsini istəyərək bir sıra addımlar atmışıq. YAP olaraq BNA ilə birlikdə yollarda “Qarabağ Azərbaycandır!” şüarı qoymuşuq və digər yerlərdə də qoyulmasını planlaşdırmışıq”.

Daha sonra çıxış edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd edib ki, ölkə başçısı “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə bütün dünyanı düşündürən çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir: "Bu şüar altında ümumxalq yürüşü keçirilməlidir. Bu gün respublikamızın hər bir bölgəsində bayraq meydanları var. Hesab edirəm ki, Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər".

Millət vəkili Fəzail İbrahimli isə çıxışında vurğulayıb ki, Azərbaycan dövləti bu gün dünyanın ən güclü dövlətlərindən biridir: “Bizim güclü dövlətimiz və Ordumuz var. Azərbaycan Prezidentinin məlum bəyanatı onun qətiyyətli mövqeyidir. Bu qətiyyətdən bir neçə istiqamətə mesaj gedir”.

Millət vəkili Hikmət Babaoğlu isə çıxışında bildirib ki, Azəbaycan Ordusu Prezidentin bu bəyanatını döyüş tapşırığı kimi qəbul etməlidir: “ Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikir cəmiyyətdə ruh yüksəkliyi yaradıb. Təklif edirəm ki, həmsədr ölkələrin səfirliklərin qarşısında “Qarabağ Azərbaycandır!” aksiyası keçirilsin”.

Digər Milli Məclis üzvü Bəxtiyar Əliyevin fikrincə, Prezident İlham Əliyevin məlum bəyanatı ilə erməni yalanları ifşa olunub: “Məhz həmin bəyanatın səslənməsi və erməni yalanlarının ifşası üçün seçilən məkan da önəmlidir. Hesab edirəm ki, məcburi köçkünlərin mövqeyi aydındır. Onlar ölkə başçısının siyasətinə arxalanırlar. Bütün xalqımız, məcburi köçkünlərimiz cənab prezidentin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir".

Dəyirmi masa müzakirələrdən sonra yekunlaşıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: YAP   Qarabağ   Tədbir