“Heç bir qüvvə Gürcüstan-Azərbaycan dostluğuna kölgə sala bilməz” - Baş nazir

  09 Oktyabr 2019    Oxunub : 1367
 “Heç bir qüvvə Gürcüstan-Azərbaycan dostluğuna kölgə sala bilməz” - Baş nazir
Oktyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb.
Azvision.az xəbər verir ki, sədr qonağın Baş Nazir kimi Azərbaycana ilk rəsmi səfərini yüksək dəyərləndirib. O ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bildirilib ki, hər iki xalq həmişə bir-birinin yanında olub, bir-birini dəstəkləyib. Təsadüfi deyil ki, dövlətlərimiz strateji tərəfdaş və müttəfiqdirlər. Dövlət başçılarının müxtəlif vaxtlarda qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə öz təsirini göstərib. Azərbaycan ilə Gürcüstan arasında 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 580 milyon dollar həcmində olub. Cari ilin 9 ayında bu göstərici 440 milyon təşkil edib. Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırımlar edən ən iri investorlardan biridir.

Oqtay Əsədov qeyd edib ki, parlamentlərimiz arasında yüksək səviyyəli səfərlər qanunverici orqanlarımızı bir-birinə daha da yaxınlaşdırır. Sevindirici haldır ki, hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq parlament qurumları çərçivəsində bir sıra məsələlərdə ortaq mövqedən çıxış edirlər. Regional müstəvidə Azərbaycan, Gürcüstan, Türkiyə arasında üçtərəfli formatda əməkdaşlıq bölgədə sülhün və hərtərəfli inkişafın əsas dəstəkləyici amillərindən biridir. “Əminik ki, Azərbaycan-Gürcüstan əlaqələri ildən-ilə daha da inkişaf edəcək və möhkəmlənəcək”, - deyə sədr vurğulayıb.

Giorgi Qaxariya ölkəsinin Baş Naziri qismində ilk səfərini məhz Azərbaycana etdiyini vurğulayıb. O qeyd edib ki, heç bir qüvvə Gürcüstan-Azərbaycan dostluğuna, qardaşlığına kölgə sala bilməz. Hər iki xalq tarixən bir-birinə yaxın olub, dostluq və əmin-amanlıq şəraitində yaşayıblar. Tarixin müəyyən dönəmində oxşar problemlərlə üzləşməyimiz regionda təhlükəsizliyin təmin edilməsinin necə vacib olduğunu bir daha önə çıxarıb. Bölgədəki münaqişələr inkişafa böyük maneə yaradır. Biz bu problemlərin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.

Vurğulanıb ki, hər iki ölkənin birgə həyata keçirdiyi layihələr bölgə sərhədlərini aşaraq, qlobal əhəmiyyət kəsb edib. Gürcüstanın Baş Naziri parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin vacibliyinə toxunaraq beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakını və bir-birilərini dəstəkləmələrini təqdir edib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Hikmət Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Azvision.az

Teqlər: Oqtay-Əsədov   Spiker   Gürcüstan   GiorgiQaxariya