Tatyana Polyakovanın Bakıda mühazirəsi olacaq

Tatyana Polyakovanın Bakıda mühazirəsi olacaq
  30 Sentyabr 2019    Oxunub:2598
Oktyabrın 29-da Heydər Əliyev Mərkəzində işgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakovanın “Etiket və peşəkar ünsiyyət” mövzusunda mühazirəsi keçiriləcək.
Mərkəzdən Azvision.az -a bildirilib ki, tədbirdə Tatyana Polyakova insan haqda təəssürat yaradan əsas məqamlar haqqında söhbət açacaq. Səs tembri, geyim tərzi, baxış, intonasiya, nitq qabiliyyəti, xahiş və minnətdarlıq ifadələri, hədiyyələr və hətta ayaqqabı dabanının hündürlüyü kimi nüanslara da toxunulacaq. Mühazirəçi eleqantlığın əsas əlamətləri, davranış qaydaları barədə söz açacaq.

Bir çox ölkələrdə geniş auditoriyaya malik Tatyana Polyakova, həmçinin Avropada, Amerikada mövcud olan etik normalardan və Asiya ölkələrinə xas ənənələrdən danışacaq. O, davranış və nəzakət qaydalarında genetik ənənələri öz xeyrinə necə istifadə etməyin sirlərini də açıqlayacaq.

Tatyana Polyakova Tallinndə doğulub və etiket üzrə dünyada tanınmış mütəxəssisdir. Monako Knyazlığında etiket öyrətmək üzrə lisenziyanın yeganə sahibidir. Mədəniyyətlərarası kommunikasiya üzrə kursların müəllifidir. Bir neçə xarici dildə danışmaq qabiliyyətini, beynəlxalq şirkətlərdə iş təcrübəsini, etnoqrafik ekspedisiyalarını və səyahətlərini böyük ustalıqla ünsiyyət və etiket üzrə biznes layihəyə çevirib.

Mütəxəssisin Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinə biletlərin qiyməti 29, 39 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Azvision.az



Teqlər: Heydər-Əliyev-Mərkəzi  





Xəbər lenti