Bakıda bal yarmarkası keçirilir
İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib.
Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.
Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.
Azvision.az