Regionlarda qadınlar sahibkarlığa maraq göstərir

Regionlarda qadınlar sahibkarlığa maraq göstərir
  21 Sentyabr 2019    Oxunub:2311
Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, bu tədbirlər çərçivəsində avqust və sentyabr aylarında Qazax, Ağstafa, Samux və Naftalan rayonlarında gənc potensial qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. “Öz biznesinə başla”, “Biznes planın hazırlanması”, “Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə 100-ə yaxın iştirakçı biznes planın, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, biznes üçün dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

Təlimlər zamanı potensial qadın sahibkarlar arasında sorğu da keçirilib. Sorğunun nəticələri göstərir ki, regionlarda qadınların əmək vərdişlərinin inkişaf etdirilməsinə ehtiyac var və bu ehtiyac nəzərə alınaraq belə təlimlər mütəmadi olaraq təşkil ediləcəkdir. Təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə potensial gənc qadın sahibkarların istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunacaq və onların məhsullarından ibarət sərgilər keçiriləcəkdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması istiqamətində KOBİA tərəfindən müxtəlif maarifləndirici tədbirlər və layihələr həyata keçirilir.

Azvision.az




Teqlər: KOBİA  





Xəbər lenti