Bakıda təhsil sərgisi keçiriləcək

Bakıda təhsil sərgisi keçiriləcək
  18 Sentyabr 2019    Oxunub:1789
Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində XIII Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək. Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.
“Caspian Event Organisers (CEO)” şirkətindən Azvision.az -a verilən məlumata görə, sərgiyə, həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək göstərir. Sərginin baş sponsoru “Kapital Bank”dır.

“EduExpo” sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır. “EduExpo” ölkədə və regionda təhsil sahəsinə həsr olunan, aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidir. Xarici iştirakçıların sırasında Almaniya, Belarus, Çex Respublikası, İran, İsveç, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Yunanıstanın nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu, Şahid Behişti adına Tibb Universiteti, Novosibirsk bölgəsinin universitetləri, Dövlət İmtahan Mərkəzi, “Rəqəmsal bacarıqlar” layihəsi və “LexSolar” şirkəti sərgidə debüt edəcək.

Azərbaycanın aparıcı ali təhsil müəssisələri - ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və digər ali məktəblər sərgidə öz stendləri ilə təmsil olunacaq.

Təhsil Nazirliyinin innovativ stendində birbaşa sərgidə ən son təhsil metodikası barədə, eləcə də uşaqların inkişafı mərkəzinin mütəxəssislərindən uşaqların təhsili haqqında məlumat əldə etmək imkanıdır. Həmçinin stenddə Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsili Mərkəzi, habelə İT zonası təqdim ediləcək.

Sərgidə Avropa Birliyinin stendində müxtəlif Avropa ölkələrinin təhsil müəssisələri, dil kursları, tələbə mübadiləsi proqramları təqdim olunacaq. Həmçinin sərgidə məktəbəqədər təhsil, orta təhsil, ilk peşə və orta ixtisas təhsil, ali təhsil, magistratura, MBA, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, dil kursları, kurslar, yay məktəbləri, treyninqlər, dərsliklər və dərs vasitələri və s. kimi sahələr barədə məlumat almaq mümkün olacaq.

Bu barədə ətraflı məlumatla qeyd olunan linkdə tanış olmaq mümkündür: https://eduexpo.az/az-exhibitorslist-2019.html

Sərginin keçirildiyi üç gün ərzində hədəf 12 mindən ibarət auditoriya ilə görüşlər keçirmək və öz fəaliyyət istiqamətinizi əyani şəkildə təqdim etməkdir.

Azvision.az


Teqlər:





Xəbər lenti