İordaniya BMT TŞ-nin qeyri-daimi üzvü seçildi

İordaniya BMT TŞ-nin qeyri-daimi üzvü seçildi
  07 Dekabr 2013    Oxunub:1350
İordaniya BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.
AzVision.az xəbər verir ki, BMT-nin Baş Məclisi İordaniyanı 2014-2015-ci illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib. İordaniyanın namizədliyinə 178 ölkə səs verib.

Qeyd edək ki, İordaniya bu quruma üzv olmaqdan imtina edən Səudiyyə Ərəbistanının əvəzinə öz namizədliyini irəli sürüb. BMT Təhlükəsizlik Şurasının beş qeyri-daimi üzvü bu il oktyabrın ortalarında seçilib. Həmin ölkələr bunlar idi: Litva, Nigeriya, Səudiyyə Ərəbistanı, Çad və Çili.

Həmin seçkilərdən demək olar ki, dərhal sonra Səudiyyə Ərəbistanının nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının işinin səmərəsiz olduğunu bəhanə göstərərək bu quruma daxil olmaqdan imtina edib.

Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri 2014-cü il yanvarın 1-dən işə başlamalıdır. Elə həmin tarixdən İordaniya BMT Təhlükəsizlik Şurasında sədrlik edəcək.

İordaniya KİV-ləri Krallığın xarici işlər naziri Nasir Cauda istinadla bildirirlər ki, İordaniyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi tarixi hadisədir və bu fakt Kral II Abdullanın rəhbərliyi ilə İordaniyanın bütün dünyada böyük hörmət qazanmasının göstəricisidir.

Onu da qeyd edək ki, İordaniyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilk dəfə deyil. Bundan əvvəl 1964-1965-ci və 1982-1983-cü illərdə də İordaniya bu qurumun qeyri-daimi üzvü olub.

İordaniya, Litva, Nigeriya, Çad və Çili iki il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib Azərbaycan, Pakistan, Mərakeş, Qvatemala və Toqonu əvəz edəcəklər.


Teqlər:





Xəbər lenti