260 minə yaxın təhsil işçisinin maaşı artırılıb

  04 Sentyabr 2019    Oxunub : 1473
 260 minə yaxın təhsil işçisinin maaşı artırılıb
Minimum əməkhaqqının artırılması haqqında sərəncam 260 minə yaxın təhsil işçisini əhatə edir.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı 20, vahid tarif cədvəli ilə maaş alanların orta əməkhaqqı 40 faiz artacaq.

"Sərəncama əsasən daha çox dövlət ümumtəhsil məktəblərində çalışanların əməkhaqqı artıb. İki il əvvəl dövlət başçısının sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışanların əməkhaqqının iki dəfə artırılması üçün onların bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib. Həmin artımlar vəzifə maaşlarına tətbiq edilib. Müəllimlər vəzifə maaşlarından başqa əlavələr də alırlar. Təxminən 81 minə yaxın müəllim vəzifə maaşına əlavə alır.", - deyə nazir müavini bildirib.



İ.İsayev əlavə edib ki, hazırda peşə təhsili məktəblərində 5 minə yaxın müəllim çalışır. Onların 2 minə yaxını diaqnostik qiymətləndirmədən keçənlər, qalanlari isə vahid tarif cədvəli ilə əməkhaqqı alanlardır:

"Orta ixtisas məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində 15-16 min nəfərə yaxın pedaqoji heyət çalışır. Sərəncama əsasən onların da maaşları orta hesabla 50 faiz artacaq. Bundan başqa Təhsil Nazirliyinin tabeliyində olan bir sıra qurumlar var və orada 2500 nəfərə yaxın təhsil işçisi çalışır ki, onların da əməkhaqqına 40 faiz artımlar ediləcək”.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi   Maaş   Müəllim