Bəzi qida məhsullarının da qiyməti bahalaşıb

Bəzi qida məhsullarının da qiyməti bahalaşıb
  05 Dekabr 2013    Oxunub:1344
Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri bahalaşıb.
2013-cü ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,4 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.

AzVision.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində qarabaşaq yarması, alma, xurma, limon, portağal, naringi, banan, şabalıd, kələm, çuğundur, kök, göyərti və şəkər tozunun qiymətlərində ucuzlaşma, un, düyü, çörək, makaron, mal və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, armud, heyva, nar, kartof, soğan və sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, telefon faksimil cihazlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabr ayında ucuzlaşıb, xəstəxana xidmətlərinin, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.

Trend


Teqlər:  





Xəbər lenti