Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı

  22 İyul 2019    Oxunub : 1909
 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı
Abşeron rayonunda azyaşlı yaşadığı evi tərk edərək küçədə gecələyib.
Abşeron rayon sakini, 9 yaşlı Tunar Əhmədlinin anası Aysel Hacıyeva tərəfindən döyüldükdən sonra evi tərk etdiyi güman edilir. Küçədə gecələyən uşaq bir neçə gündən sonra polislər tərəfindən tapılaraq "Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi"nə gətirilib. Uşağın ilk ifadəsində məlum olub ki, 4 gün küçədə qalıb və buna səbəb anası tərəfindən şiddətə məruz qalmasıdır.

"Azərbaycan Uşaqları Birliyi" İctimai Birliyi və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə Abşeron Rayon Polis idarəsi və Rayon Prokurorluğu ciddi məşğul olur:

“Uşaq bizə polis əməkdaşları tərəfindən gətirilib, onun üzərində zorakılıq izləri də var idi. Anasını tapmaq mümkün olmadığından biz sosial şəbəkələrdə Tunarın şəklini paylaşdıq və onu tanıyanlardan bizimlə əlaqə saxlamağı xahiş etdik. Ötən gün isə uşağın atası Rasim Əhmədli bizimlə əlaqə yaratdı və bu gün mərkəzə gəldi. Onunla söhbətdən sonra məlum oldu ki, Aysel Hacıyeva ilə boşanıblar, bu evlilikdən iki övladları var. Tunar uzun zaman atası ilə qalmağı israr edib, ancaq aliment probleminə görə Aysel övladını atasının yanına buraxmayıb və uşağa qarşı şiddət göstərib”.

Mərkəz sədri qeyd edib ki, Tunar hazırda məhkəmə-tibbi ekspertizasına göndərilib:

“Biz sonradan Aysel Hacıyeva ilə də görüş keçirmişik və ilkin ehtimallara görə, uşağın bədənində olan xəsarətlər ana tərəfindən olub. O bildirib ki, Rasim Əhmədli uzun zamandır yığılan borcu az miqdarda ödəyib. Aysel hazırda yeni ailə qurub və bu nikahdan iki övladı var, birinə isə hamilədir. Tunar hazırda ekspertizadadır və çox güman ki, hadisə öz təsdiqini taparsa, anaya cinayət işi açılacaq, istintaqa cəlb olunacaq”.

Azvision.az

Teqlər: Uşaq   Polis