“Azərbaycan vacib tərəfdaşımızdır” – Almaniyalı deputat (Eksklüziv müsahibə + VİDEO)

 “Azərbaycan vacib tərəfdaşımızdır” – Almaniyalı deputat    (Eksklüziv müsahibə + VİDEO)
  02 İyul 2019    Oxunub:6020
“Azərbaycanda son illərdə çox şey dəyişib, amma bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi haqqında da düşünmək lazımdır”. Bu sözləri AzVision-a eksklüziv müsahibəsində Almaniya Bundestaqının üzvü, Südthüringen (Cənubi Türingen) vilayətinin deputatı Mark Hauptmann deyib.
Mark Hauptmann 29 aprel 1984-cü ildə Veymar şəhərində anadan olub. 6 ildir ki, Almaniya Bundestaqının İqtisadiyyat və Enerji Komitəsinin, eyni zamanda Xarici Əlaqələr Komitəsinin üzvüdür. O, Südthüringen (Cənubi Türingen) seçki dairəsini CDU/CSU parlament qrupunun birbaşa seçilmiş nümayəndəsi kimi təmsil edir. Hauptmann birlik fraksiyasında Gənc Qrupun sədri kimi ilk növbədə gənc nəslin maraqlarına görə məsuliyyət daşıyır. Bundan başqa, o, parlamentdə beynəlxalq əlaqələr, xüsusilə Asiya ölkələrilə münasibətlər, o cümlədən, xarici ticarət üzrə məruzəçi kimi çıxış edir.



- Siz ötən il Berlində birinci Alman-Azərbaycan İqtisadi Dialoqunu təməlini qoydunuz. Hazırda Almaniya-Azərbaycan münasibətləri necə inkişaf edir?

- Almaniya ixrac yönümlü bir ölkədir. Almaniyanın firavanlığını xarici istiqamətdə fəaliyyət göstərən şirkətlər təmin edirlər. Buna görə də, xarici əlaqələr bizim üçün çox önəmlidir. Qafqaz regionunda Azərbaycan bizim çox vacib tərəfdaşımızdır. Qafqazla ticarət dövriyyəmizin təxminən 2/3-si Azərbaycanın payına düşür. Qalan 1/3-i isə Gürcüstanla Ermənistanın arasında bölüşdürülür.

Biz Azərbaycanda iqtisadiyyatı investisiyalar vasitəsilə dəstəkləmək, orada Alman şirkətlərinin istehsal sahələrini yaratmaq istəyirik. İki ölkə arasında körpü qurmaq və iqtisadi mübadilənin diversifikasiya edərək, enerjidən başqa sahələrə də genişləndirmək lazımdır.

- Azərbaycan Çinin həyata keçirdiyi "Bir Kəmər, Bir Yol" (BRI) layihəsinə ilk qoşulan dövlətlərdən biridir. Bəs Avropa dairələri Pekinin təşəbbüsünü necə qiymətləndirirlər?

- “Bir Kəmər, Bir Yol” Təşəbbüsü və ya İpək Yolu Layihəsi, dünyanı Çin ilə yaxınlaşdırmaq, 21-ci əsrdə qədim ticarət yollarını canlandırmaq üçün Pekinin əsaslı bir planıdır. Yeni İpək Yolunun son nöqtəsi Almaniyanın Duisburg dəniz limanıdır. Layihə Çin və Almaniya arasında olan bütün ölkələr üçün nəqliyyat-logistika, ticarət-investisiya imkanları təklif edir. Buna görə də, yeni İpək Yolu Azərbaycana və Azərbaycanda fəaliyyət göstərən 150 Alman şirkətlərinə də maraqlıdır.

- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənubi Qaz Dəhlizi layihəsi hansı rol oynayacaq?

- Cənub Qaz Dəhlizi Avropa və Almaniya üçün çox əhəmiyyətli bir layihədir. Bizim Rusiya ilə qaz ticarətində çox güclü əlaqələrimiz mövcuddur. Hələ Sovet İttifaqı ilə dövründən mövcud olan bir ənənəyə sahibik. Hazırda Baltik dənizi boyunca "Nord Stream-1" və "Nord Stream-2" inşa edilir. Amma Avropanın mövqeyi Rusiyadan qaz tədarükünü diversifikasiya etməkdən ibarətdir. Burada Cənub Qaz Dəhlizi, yəni, Xəzər dənizindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya qazın idxal edilməsi çox əhəmiyyətli bir alternativ yaradır.



- Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 26 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal altındadır. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Çox təəssüf edirik ki, illər keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi hələ də sülh yolu ilə həllini tapmayıb. Qarabağ münaqişəsinin həlli ümumilikdə bölgədəki sülh və sabitliyə də müsbət təsir göstərəcək. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın işğal altında olan ərazilərinin qaytarılmasını tələb edən bir neçə qətnamələri var. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz ATƏT-in yürütdüyü Minsk prosesini dəstəkləyirik ki, konflikt dinc yolla həllini tapsın, Qarabağ yenidən Azərbaycana qaytarılsın və oradan köçkün düşmüş insanlar evlərinə qayıtsınlar.

- Siz bir neçə dəfə Azərbaycana gəlmisiniz. Hələ orada olmayan Alman turisti üçün ölkəni necə təsvir edərdiniz?

- Öncə qeyd etmək istərdim ki, Azərbaycan inkişaf etməkdə olan bir ölkədir. Turizmin inkişafında maraqlıdır, müxtəlif beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir. Son 30 ildə Bakı çox dəyişib. Ölkədə həddindən artıq çox görməli yerlər var. Şəhərin infrastrukturu da çox dəyişib. Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi barədə də düşünmək lazımdır. Qeyri-neft sektorunu inkişaf etdirmək, yenilənə bilən enerji qaynaqları yaratmaq, iqtisadiyyatı şaxələndirmək, beynəlxalq iqtisadi əlaqələri gücləndirmək, ölkəyə daha çox sərmayə cəlb etmək və yerli istehsal üsullarını axtarmaq üçün əlinizdən gələni etməlisiniz.

Zaur Bəndəliyev
Azvision.az



Teqlər: Mark-Hauptmann   Almaniya   Azərbaycan  





Xəbər lenti