Ağstafada qan davası: Kütləvi qətlin təfərrüatları

  17 İyun 2019    Oxunub : 9672
 Ağstafada qan davası: Kütləvi qətlin təfərrüatları
Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilən kütləvi qətlin təfərrüatları məlum olub.

Azvision.az -ın əldə etdiyi məlumata görə, hadisə qan davası səbəbindən baş verib. Belə ki, 15 il əvvəl iki ailə arasında torpaq üstündə başlayan dava iki nəfərin ölümü ilə nəticələnib.
Cinayəti törədən şəxslərdən birinə ömürlük, digərinə 15 il həbs cəzası verib.

Atasının qatilinin həbsdən çıxdığını öyrənən Sadıxlı kənd sakini, 25 yaşlı Elnur Süleymanov qisas almaq niyyətilə Böyük Kəsik kəndində yerləşən bazara gedərək orada Şərqiyyə Musayeva, onun oğlanları Novruz və Şəmiddini, həmçinin bazarda satıcı işləyən Ağgöl kənd sakini Zeynəb Cəlilovanı odlu silahla qətlə yetirib.

Silahlı insident zamanı daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir, bir nəfər kritik vəziyyətdə Gəncə xəstəxanasına köçürülüb.

İlin ən dəhşətli qətl hadisəsini törədən E.Sülemanov polisə könüllü təslim olaraq, əməlini etiraf edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Rüstəm İsmayılov
Azvision.az

Teqlər: Ağstafa   Qətl