“Banklar texnologiyalardan istifadə etməsə, uduza bilər” - Vüsal Qasımlı
O bildirib ki, problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması və bankların kapitallaşma səviyyəsinin artırılması istiqamətində işlər görülüb: "Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi və kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi üzrə fəaliyyətlər həyata keçirilib. Aktiv pul bazarının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə araşdırılıb, mövcud marketmeykerlərin daha da inkişaf etdirilməsi imkanları qiymətləndirilib.
Eyni zamanda "Blumberq" ticarət sistemində banklararası pul bazarı əməliyyatlarının aparılması və onlayn rejimdə Mərkəzi Bank tərəfindən bu əməliyyatlarla bağlı məlumatların əldə edilməsi imkanını yaradan “E-Bond” platforması bankların istismarına verilib. Qiymətli kağızlar bazarının dərinləşdirilməsi, paylanılmış reyestr texnologiyalarının (PRT) tətbiqi, ani ödənişlər sistemi, vençur fəaliyyəti, ödəniş xidmətləri və ödəniş sistemləri istiqamətində təkliflər hazırlanıb".
V.Qasımlı qeyd edib ki, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi mexanizmi qurulub, rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması məqsədilə fəaliyyətlər həyata keçirilib. Onun sözlərinə görə, ənənəvi bankçılıqla maliyyə texnologiyaların qovşağı yaranmalıdır.
"Əgər ənənəvi bankçılıq texnologiyalardan istifadə etməsə, uduza bilər. Açıq bankçılıq bank sektorunun inkişafına gətirib çıxarır. Açıq bankçılıq sahəsində sürətlə keçidi təmin edilməlidir. Azərbaycanda aparılan uğurlu islahatlar bank sahəsinin uğurunu təmin edəcək".
Aytən Zəhra
Azvision.az