“Game of Thrones”un son bölümündəki geosiyasi mesaj – VİDEOKÖŞƏ

   “Game of Thrones”un son bölümündəki geosiyasi mesaj –    VİDEOKÖŞƏ
  15 May 2019    Oxunub:7318
Bütün dünya “Taxt oyunları” serialındakı gözlənilməz dönüşü və bundan sonra yeni məna çaları qazanan epopeyanın necə qurtaracağını müzakirə edərkən, gəlin, biz fürsətdən istifadə edib, sonuncu bölümdə verilən çox vacib geosiyasi mesajları çözməyə çalışaq.
Son ana qədər Deyeneris Tarqarian kim idi? Əjdahaların anası, zəncirləri qıran, qulları azad edən, tiranların qənimi... Bir sözlə, ayaq basdığı başqa ölkələrə demokratiya, haqq-ədalət gətirən biri. Elə özü də belə deyirdi: “Mən insanlara ədalət və azadlıq gətirirəm” . Yəni bu... yəqin, artıq özünüz də başa düşdünüz: Amerikanın obrazıdır!

Bəs niyə bu demokratiya peyğəmbəri, azadlıq carçısı, ədalət fədaisi birdən-birə günahsız insanların qatilinə çevrildi, Vesterosu yerlə-yeksan edib, faktik olaraq soyqırımı törətdi? Tutaq ki, Serseyadan qətlə yetirdiyi Mesandeyanın qisasını almaq istəyirdi. Bəs zavallı insanların, uşaqların, qadınların günahı nədir?



Onların günahı budur ki, Deyeneris Tarqarianın məntiqinə görə, birləşib, tirana qarşı çıxmır, öz hökmdarlarını devirmirlər. Bu, klassik Amerika siyasətidir. Necə ki, vaxtilə məhz sovet xalqını daxildən ayağa qaldırmaq üçün Amerika “Azadlıq” radiosunu yaratmışdı. Hazırda isə İran istiqamətindəki siyasətinin əsas məğzi və hədəfi budur ki, əhali özü ayağa qalxıb, teokratik hakimiyyəti devirsin. Amerika rəsmiləri bunu heç gizlətmir və açıq şəkildə etiraf etməkdən də çəkinmirlər.

Bax, bu yerdə gəlib çatdıq ən qorxulu və təhlükəli mesaja. Daha dəqiqi, ideoloji zondaja. Yaxşı, bəs əgər əhali özü ayağa qalxıb, tiranı devirməsə, onu nə gözləyir? Serialın təbliğ etdiyi ideologiyaya görə, bu halda həmin əhali məhv olmağa layiqdir. Günlərin birində demokratiya onların üstünə uçub, göydən başlarına od yağdıracaq. Amerikanın siyasətini ifadə etmək üçün 21-ci əsrin əvvəllərində yaranan məşhur bir lətifə yada düşür: - Sizdə demokratiya varmı!? Yox?! Onda biz sizə tərəf uçuruq!

Maraqlıdır, bu, təsadüfdürmü? Yəni Amerikanın İran əhalisini öz hakimiyyətinə qarşı qaldırmaq üçün ardıcıl addımlar atdığı vaxtda dünyanın ən məşhur serialı planetin hər guşəsində yaşayan yüz milyonlarla əhalinin şüuruna belə bir ideoloji virus ötürür ki, kənardan gələn çağırışa hay verib, öz zalım rəhbərini devirməyən xalq məhvə məhkumdur. Bu boyda siyasi-ideoloji sinxronluq təsadüf ola bilərmi?

Cavabı siz özünüz düşünün. Biz isə gələn dəfə serialdakı digər vacib siyasi mesajı çözməyə çalışacağıq.

Vüsal Məmmədov
Azvision.az



Teqlər:





Xəbər lenti