Hərbi xidmətə aprel çağırışı başa çatıb

   Hərbi xidmətə aprel çağırışı başa çatıb
  01 May 2019    Oxunub:1893
Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq, aprelin 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, xidmət tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşdırılıb.

Bildirilib ki, çağırışçılar həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi və mütəşəkkilliklə yola düşüblər: "Ölkəmizin bütün şəhər və rayonlarında SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyətinin, ictimaiyyətin, hüquq mühafizə orqanları, şəhər və rayon icra hakimiyyətləri, kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələri üzvlərinin, Qarabağ qazilərinin, veteranların və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib".

Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən, ölkə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

Azvision.az


Teqlər: Hərbi-Xidmət  





Xəbər lenti