Qeyri-neft sektoruna yönəldilən vəsait artıb

  16 Aprel 2019    Oxunub : 1093
Qeyri-neft sektoruna yönəldilən vəsait artıb
2019-cu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2699,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz az vəsait yönəldilib, sərf edilən vəsaitin 70,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 6,0 faiz artıb. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı obyektlərinin, 26,4 faizi xidmət sahələri üzrə obyektlərin, 9,3 faizi isə ümumi sahəsi 420,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 67,3 faizini təşkil edibr.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, büdcə vəsaitləri 21,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5,0 faiz, büdcədənkənar fondların vəsaitləri 0,8 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

2019-cu ilin yanvar-mart aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Şəmkir rayonunda 260 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Azvision.az

Teqlər: DSK   Qeyri-neft-sektoru