Nağdsız əməliyyatların payı 20 faizə çatıb
Bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Mərkəzi Bankla birlikdə 2018-ci ilin yekunları üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsi həyata keçirilib, bütövlükdə qeyd edilən dövr üzrə görülən işlərə müsbət rəy verilib. Qiymətləndirmənin nəticələri üzrə hesabat dövlət başçısına təqdim edilib.
Vurğulanıb ki, görülən tədbirlər nəticəsində 2018-ci il üzrə elektron ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi ötən illə müqayisədə 31 faiz, kartlarla aparılan nağdsız əməliyyatların həcmi isə 70 faiz artıb. Bu ilin birinci rübünün dinamikası da müsbət olub və ümumi kart dövriyyəsində nağdsızın payı 20 faizə çatıb.
Görüşdə Dövlət Proqramında nəzərdə tutulmuş strateji hədəflərin realizasiyası üzrə növbəti dövr üçün qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib və nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması, yeni innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi, bank əməkdaşlarının peşəkar bilik səviyyəsinin və əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq barədə razılığa gəlinib.
Həmin gün, eyni zamanda, ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiq edilməsi imkanlarının müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın, "Bakı Metropoliteni" QSC-nin və "Mastercard"ın rəhbər şəxslərinin iştirakı ilə birgə görüş keçirilib. Görüşdə ictimai nəqliyyatda nağdsız ödəniş alətlərinin tətbiqi, bu sahədə ən son nailiyyətlər, beynəlxalq təcrübə və birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, fevralda Bakı Nəqliyyat Agentliyində və Sumqayıt Şəhər İcra Hakimiyyətində nəqliyyat infrastrukturunun nümayəndələrinin iştirakı ilə müvafiq görüşlər keçirilib, ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi imkanları müzakirə olunub.
Görülən işlərin əsas məqsədi cəmiyyətdə rəqəmsal ödəniş mədəniyyətinin formalaşdırılması, nağdsız ödənişlərin tətbiqi imkanlarının genişləndirilməsi, iqtisadi dövriyyədə nağdsız ödənişlərin həcminin artırılması və nağd dövriyyənin azaldılmasıdır.
Azvision.az
Teqlər: