Ölkədə KOB dostlarının sayı 60-a çatdırılacaq
Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilmiş “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda 3-cü regional forumdakı çıxışında KOBİA-nın Gəncə şəhəri üzrə “KOB Dostu” Anar Əliyev məlumat verib.
Tədbirdə müxtəlif rayonların icra hakimiyyətləri başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Forumda “KOB Dostu” konsepsiyası, KOB dostlarının sahibkarlara göstərdiyi xidmətlər, ölkənin müxtəlif regionlarında fəaliyyətə başlayacaq KOB dostları barədə məlumat verən A.Əliyev qeyd edib ki, KOB dostları fəaliyyət göstərdiyi regionlarda mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, Agentlik tərəfindən "KOB Dostu” şəbəkəsi ilə yanaşı, sahibkarlara xidmətləri vahid məkanda təqdim edəcək "KOB Evi” də yaradılacaq. Hazırda ilk “KOB Evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. KOB evlərinin və Agentliyin digər dəstək mexanizmlərinin işə düşməsi ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndiriləcəkdir.
Azvision.az
Teqlər: KOB