DİM: 957 nəfər qeydiyyatdan keçib

   DİM:    957 nəfər qeydiyyatdan keçib
  09 Aprel 2019    Oxunub:1577
Beş dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
DİM-dən Azvision.az -a verilən məlumata görə, aprelin 9-u saat 13:15-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ümumilikdə 957 nəfər qeydiyyatdan keçib.

Müsahibədə iştirak üçün namizədlər mayın 1-i saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra o, müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandığı halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız sayılır. Nəticələrin etibarsız hesab olunması barədə qərar mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra DİM-in portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər.

Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 343 vakant vəzifənin 1-i 4-cü təsnifata, 28-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 312-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 5-i AC, 28-i BA, 309-u isə BB vəzifə qrupuna aiddir.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti