DSX komitə ilə birgə seminar keçirib

DSX komitə ilə birgə seminar keçirib
  08 Aprel 2019    Oxunub:2499
Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq aprel ayının 5-də Şəmkir sərhəd dəstəsində ”Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhtidlərdən biri kimi” mövzusunda seminar keçirilib.
DSX-dan Azvision.az -a verilən məlumata görə, seminardan öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar. Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminarda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahangir Əlifzadənin iştirakı ilə keçirilən seminarda dini radikalizmin və ekstremizmin təbliğat metodları, onların törətdiyi fəsadlar barədə geniş izahat olunmuş, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş və bu cür əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlərin müsbət nəticə verməsindən danışılıb.

Eyni zamanda respublikamızda hökm sürən sabitliyi gözü götürməyən bəzi kənar qüvvələrin dəstəyi ilə din pərdəsinə bürünən cinayətkar ünsürlər tərəfindən keçən ilin iyul ayında Gəncə şəhərində ictimai asayişi pozaraq vətəndaş qarşıdurması yaratmaq cəhdləri barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb. Tədbirin sonunda dini radikalizmin və ekstremizmin törətdiyi fəsadlara həsr edilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Azvision.az


Teqlər: DSX  





Xəbər lenti