"Biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik" - İlham Əliyev
Siz qeyd etdiniz, mən tam razıyam ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar işğaldan azad olunandan sonra biz bütün şəhərləri yenidən quracağıq, biz bu şəhərlərə yeni həyat verəcəyik. O şəhərlər ki, indi yerlə-yeksan edilib. Orada, işğal edilmiş torpaqlarda demək olar ki, bütün binalar dağıdılıb. Beynəlxalq təşkilatlar, ATƏT-in faktaraşdırıcı missiyası bu haqda məruzə də hazırlayıb. Biz necə ki, Cocuq Mərcanlını bərpa etdik, necə ki, qısa müddət ərzində vaxtilə işğal altında olan başqa torpaqlardakı binaları, evləri, şəhərləri, kəndləri bərpa etdik, işğalda olan bütün torpaqlardakı şəhərləri, kəndləri bərpa edəcəyik. Bizdə belə iradə və güc var.
Eyni zamanda, siz də qeyd etdiyiniz kimi, biz bütün dünyaya göstərməliyik, haqlı olaraq, göstəririk, sübut edirik ki, Qarabağ bizim tarixi torpağımızdır. Mehriban xanımın bu sahədəki fəaliyyətini siz yüksək qiymətləndirirsiniz. Mən də yüksək qiymətləndirirəm. Çünki onun fəaliyyəti nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarında bu məsələ ilə bağlı təqdimatlar, simpoziumlar, konfranslar, dəyirmi masalar keçirilmişdir. Bizim tarixi, mədəni irsimiz olan muğam sənəti, tar və digər milli sərvətlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır.
Bütün bunlarla bağlı sərgilər, təqdimatlar keçirilir, yəni, biz Qarabağ həqiqətlərini dünyaya çatdırırıq. Çünki vaxtilə, xüsusilə müstəqilliyimizin ilk illərində erməni lobbisi tərəfindən belə bir rəy formalaşdırılmağa cəhd edilirdi ki, guya Qarabağ onların torpağıdır. Bizim imkanımız yox idi, lobbimiz yox idi, bizim xaricə çıxışımız çox məhdud idi. Amma bu gün biz bütün dünyaya həqiqətləri çatdırırıq və tarixi sənədlər əsasında, maddi-mədəni irs əsasında sübut edirik ki, bu, bizim tarixi diyarımızdır. Mən bildirəndə ki, tarixi ədalət bizim tərəfimizdədir, məhz bunu nəzərdə tuturdum. Qədim xəritələrə baxanda görürük ki, Dağlıq Qarabağda və ətraf bölgələrdə bütün toponimlər Azərbaycan mənşəlidir. Tarixi ədalət, beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da bizim böyük diplomatik və siyasi uğurumuzdur. Əlbəttə ki, iqtisadi potensialımız, hərbi gücümüz də mühüm amildir" - deyə, dövlət başçısı qeyd edib.
Azvision.az
Teqlər: İlham-Əliyev