803 minə yaxın partlamamış hərbi sursat zərərsizləşdirib

 803 minə yaxın partlamamış hərbi sursat zərərsizləşdirib
  04 Aprel 2019    Oxunub:1620
Mina təhlükəsinə dair maarifləndirmə mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda, mina və müharibənin partlamamış qalıqları ilə çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a verilən məlumata görə, mina təhlükəsinə dair maarifləndirmə fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Bura, həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.

2004-2005-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ANAMA və UNICEF rəhbərləri arasında anlaşma memorandumu imzalanıb ki, bu da mina təhlükəsinə dair maarifləndirmə proqramının orta məktəblərin tədris kursuna inteqrasiyasını nəzərdə tuturdu.

Bu günədək 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllimə 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55 min şagirdə mina təhlükəsinə dair maarifləndirmə dərsləri keçirilir. İndiyədək bu dərslər orta məktəblərin 765 min şagirdini əhatə edib. Hər il aprelin 4-ü proqramın əhatə etdiyi 26 rayonun 1200 məktəbində minlərlə şagird və müəllim tərəfindən də anılır.

Mina təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən bütün fəaliyyətin nəticəsi olaraq, son illərdə minadan və müharibənin partlamamış qalıqlarından zərərçəkənlərin sayı minimuma enib.

4 aprel gününü qeyd etmək məqsədilə mina təhlükəsinə dair maarifləndirmə şöbəsi tərəfindən ANAMA nəzdində çalışan bütün qrup və bölmə rəhbərlərinə, supervayzerlərə və regional bazaların menecerlərinə tədbirlər planı göndərilib. Bu gün Ağstafa, Ağcabədi, Füzuli, Göygöl, Xızı, Şirvan, Tərtər rayonlarında və Cəbrayıl rayonunun azad olunmuş Cocuq Mərcanlı kəndində əməliyyatçılar tərəfindən müxtəlif formada görüşlər, brifinqlər, müzakirələr və maarifləndirmə tədbirləri keçirilir. Eləcə də mina təhlükəsinə dair maarifləndirmə şöbəsinin meneceri tərəfindən Cocuq Mərcanlı kənd tam orta məktəbində şagird və müəllimlərə mina təhlükəsinə dair maarifləndirmə barəsində geniş məlumat təqdim olunub.

Ümumilikdə agentlik tərəfindən bu günədək 533 milyon 435 min 430 kvadratmetr ərazi yoxlanılıb, 802 min 894 ədəd mina, partlamamış hərbi sursat və müharibənin partlamamış qalıqları aşkarlanaraq zərərsizləşdirilib.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti