Arzu Rəhimov Göyçayda vətəndaşları qəbul edib
Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.
Xidmət rəisi vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll edilib, Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda 33 vətəndaş iştirak edib. Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Azvision.az