İcbari tibbi sığorta ilə bağlı tvininq layihəsi təqdim olundu

İcbari tibbi sığorta ilə bağlı tvininq layihəsi təqdim olundu
  14 Mart 2019    Oxunub:1814
Martın 14-də Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Fransanın sosial sahələrlə əlaqədar nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin KİV nümayəndələri üçün təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində müşavir-elçi xanım Simona Qatti layihənin benefisiar tərəfdən rəhbəri Aysel İbayeva və tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas layihə haqqında məlumat veriblər, layihə çərçivəsində görülən fəaliyyətlərdən və nəticələrdən danışıblar.

Bildirilib ki, layihə çərçivəsində Fransa, Litva və Estoniya mütəxəssisləri yerli mütəxəssislərlə təcrübə mübadilələri aparıblar. İTSDA-nın təşkilati quruluşu və strateji vəzifələri hazırlanıb, sığortalı şəxsin statusunun təyini və sığortalı şəxslərin qeydiyyatı prosesinin müəyyənləşdirilməsi, o cümlədən tibbi sığorta haqlarına dair qanunvericiliyə və xərclərin bölüşdürülməsi siyasətlərinə aid təkliflər hazırlanıb.

Qeyd olunub ki, layihə müddətində layihənin üzv dövlətlərdən olan mütəxəssisləri icbari tibbi sığortanın sınaqdan keçirilməsində İTSDA-ya müntəzəm olaraq dəstək göstəriblər, həmçinin 2017-2018-ci illər ərzində İTS üzrə pilot layihənin qiymətləndirilməsi aparılıb və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanıb.

Layihənin maliyyə idarəetmə çərçivəsi komponentinin icrası müddətində aktuarial analizlər üzrə İTSDA-ya dəstək göstərilib, Azərbaycan səhiyyə xərclərinin və dövlət səhiyyə gəlirlərinin orta müddətli proqnozu hazırlanıb. İnformasiya texnologiyaları çərçivəsində e-Səhiyyənin texniki quruluşu ilə bağlı nəzəri tərtibat barədə benefisiara tövsiyələr verilib və İT sisteminin strukturu hazırlanıb.

Layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması və tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanması, əhalinin ehtiyacları və ölkənin səhiyyə sahəsində strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahəsində yerli təlimçilər qrupu hazırlanıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Tibbi-Sığorta  





Xəbər lenti