AZAL təyyarə qəzasına görə "Boeing"lə sıx əlaqə saxlayır

 AZAL təyyarə qəzasına görə "Boeing"lə sıx əlaqə saxlayır
  12 Mart 2019    Oxunub:2416
Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx əlaqə saxlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bunu şirkətin prezidenti Cahangir Əsgərov jurnalistlərin suallarına cavab olaraq bildirib. C.Əsgərov qeyd edib ki, “Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib ki, hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.

Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcəkdir.

"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq" – deyə Cahangir Əsgərov bildirmişdir.

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğramışdır. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək Boeing 737 MAX-8 tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.

Azvision.az


Teqlər: AZAL   Boeing  





Xəbər lenti