Beynəlxalq Konfransla bağlı hazırlıq iclası olub

Beynəlxalq Konfransla bağlı hazırlıq iclası olub
  12 Mart 2019    Oxunub:1229
Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı görülən işlərin əlaqələndirilməsi və təşkilati məsələləri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf edən dövlətə çevrildiyini deyib. Bildirilib ki, ölkə inkişaf etdikcə, beynəlxalq tranzit marşrutları artdıqca narkotiklərin qeyri-qanuni dövriyyəsi sahəsində də təhlükələr çoxalır. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması baxımından əhəmiyyətli olacaq. Bu sahədə çalışan mütəxəssislərimiz beynəlxalq ekspertlərin təcrübələrindən yararlanacaqlar.

Baş nazirin müavini son üç ayda konfransa hazırlıq işləri ilə bağlı aidiyyəti qurumların sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Sonra Narkotiklərlə Mübarizə üzrə 36-ci Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri Natiq Məmmədov görülən işlərlə bağlı məlumat verib. Sonda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Narkotik   Nazirlər-Kabineti  





Xəbər lenti