“Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” - General

 “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” -    General
  12 Mart 2019    Oxunub:7021
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 27 il ötür. Bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Milli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklil qoyulub. Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının abidəsi ziyarət olunub. Daha sonra Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əvvəlcə salona Daxili Qoşunların Döyüş Bayrağı gətirilib. Ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.



Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Milli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub. Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü və hərbi qulluqçulardan 9 nəfərinin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü qeyd edib. Məruzəçi bildirib ki, 1994-cü ildən başlayaraq Daxili Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Planlı şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu daha da yüksəlib, mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə möhkəmlənib.



Sonra çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların yaranmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb. Cənab Ramil Usubov möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.



Qeyd olunub ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında şəxsi heyətin özünəməxsus rolu vardır. Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab Prezidentin 7 mart 2019-cu il tarixli müvafiq sərəncamları ilə daha 16 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının, iki nəfərə isə ali zabit rütbəsinin verilməsinin, bayram ərəfəsində hərbi qulluqçuların maaşlarının artırılmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. O da nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Nazir R.Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.



General-polkovnik Ramil Usubov ölkə Prezidentini əmin edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək. Daxili Qoşunların yaranmasının 27-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında ölkə başçısının sərəncamları, daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri təqdim edilib. Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.

Azvision.az


Teqlər: DİN   DQ  





Xəbər lenti