İlham Əliyev Ağsuya getdi, sakinlərlə görüşdü - FOTOLAR+VİDEO
Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gedib.
Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.
Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.
Dövlətimizin başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış oldu. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxdı, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət etdi.
Burada fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111 , Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayılıda, 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisinə başlanılıb. Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Sonra dövlətimizin başçısı Firdovsi küçəsinində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış oldu. Məlumat verildi ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.
Prezident İlham Əliyev Ağsu şəhərində ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi.
Daha sonra Prezident İlham Əliyev rayon sakinləri ilə görüşdü, onlarla söhbət etdi. Dövlətimizin başçısı Ağsu sakinlərinin ərizələrini qəbul etdi. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışıldı, dövlətimizin başçısı sakinləri naraht edən məsələləri dinlədi. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Ağsu