Prezident bəyan etdi: “Danışıqların formatı dəyişdirilə bilməz” - (Yenilənib)
Prezident İlham Əliyev Avropa İttifaqı Komissiyasının rəhbərliyi və bir sıra komissarlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi, mövcud status-kvonun qeyri-dayanıqlı olması, danışıqların mövcud format əsasında davam etdirilməsi və danışıqlara qeyd-şərt qoyulmasının qəbuledilməzliyi barədə ictimai açıqlamalarının məmnunluq doğurduğunu və Azərbaycanın bunu dəstəklədiyini bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz. Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən Prezident İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğuladı. Dövlətimizin başçısı Ermənistan tərəfindən verilən ziddiyyətli rəsmi açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd etdi.
Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və ölkəmizin Şərq Tərəfdaşlığı Proqramında iştirakına dair geniş fikir mübadiləsi aparıldı.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Avropa-İttifaqı