Çaylarda biogen maddələrin miqdarı çoxdur
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhrəmtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müşahidə edilib.
Fevralın üçüncü ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,2, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,1, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində 2,1, Araz çayı üzrə Horadizdə, Bəhrəmtəpədə və I Şahsevəndə 2-2,2 dəfə, biogen maddələrdən nitritlərin miqdarı isə 1,10-1,30 dəfə yol verilən qatılıq həddini keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70-6,40 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.
Azvision.az