Hindistan Pakistana aviazərbələr endirdi

 Hindistan Pakistana aviazərbələr endirdi
  26 Fevral 2019    Oxunub:2983
Hindistan hərbi hava qüvvələrinə məxsus 12 ədəd “Mirage 2000” çoxməqsədli qırıcı təyyarəsi mübahisəli Kəşmir bölgəsində Pakistanın nəzarəti altında olan ərazilərə 1 ton ağırlığında bir neçə raket zərbəsi endirib.
Azvision.az “The Guardin”a istinadən xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb. Faktiki olaraq iki ölkəni ayıran sərhəd xəttini keçən qırıcıların hədəfinin Kəşmirdəki “Caiş-e-Muhəmməd” terror qruplaşmasının düşərgəsi olduğu bildirilir.

Hava zərbələri barədə ilk rəsmi məlumatı Hindistanın insan resurslarının inkişafı naziri Prakaş Cavadekar yayıb: “Hərbçilərimiz bu zəruri addımı ölkəmizin təhlükəsizliyi naminə atıblar. Bu, olduqca şücaətli hərəkətdir. Bundan əvvəl baş nazir Narendra Modi silahlı qüvvələrimizə fəaliyyət azadlığı vermişdi. Bu gün bütün ölkəmiz ordumuzladır.”

Hindistanın kənd-təsərrüfatı naziri Qacendra Sinqh Şekhavat da faktı təsdiqləyib. Bildirib ki, Hindistan hərbi hava qüvvələrinin hücumu nəticəsində terrorçuların düşərgəsi tamamilə məhv edilib. Lakin Hindistan Müdafiə Nazirliyi hələlik heç bir rəsmi açıqlama verməyib.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-mayor Asif Qafur isə bəyan edib ki, Hindistan sərhədi pozaraq ölkə ərazisində qanunsuz əməliyyat keçirib: “Hindistan hərbi hava qüvvələri nəzarət xəttini pozub. Pakistan hava qüvvələrinin dərhal müdaxiləsi nəticəsində Hindistan təyyarələri geri dönüblər.”

Qeyd edək ki, iki nüvə ölkə arasındakı münasibətlər 14 fevralda mübahisəli Kəşmirin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən bombalı hücum nəticəsində 40-dan çox hindistanlı hərbçinin ölümündən sonra daha da gərginləşib. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirir. Bununla əlaqədar İslamabad və Nyu-Delhidəki səfirlər məsləhətləşmələr üçün qarşılıqlı şəkildə geri çağırılıb.

Mayda seçkilərə gedən Hindistanın baş naziri Narendra Modi isə Pakistana ciddi təzyiq etmədiyi üçün əhalinin qınağı ilə üzləşdiyindən, qonşu dövlətə “sərt cavab” verilməsi məqsədilə ölkənin təhlükəsizlik qüvvələrinə bu məsələdə sərbəst davranmaq imtiyazı verib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Kəşmir   Hindistan  





Xəbər lenti