Fuad Muradov: “Xahiş edirəm bu məsələyə baxılsın”

Fuad Muradov: “Xahiş edirəm bu məsələyə baxılsın”
  14 Noyabr 2013    Oxunub:1717
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Fuad Muradov büdcə müzakirələrinə münasibət bildirib. AzVision.az-ın məlumatına görə, deputat büdcə layihəsinin mükəmməl şəkildə hazırlandığını deyib:
“Bu gün bizə təqdim edilən büdcə çox mükəmməl hazırlanıb. Həmkarlarım da vurğuladılar və inanıram ki, büdcənin həyata keçirilməsində daha böyük uğurlar olacaq və bu uğurlar birbaşa prezident İlham Əliyev və onun komandası ilə bağlıdır. Bu gün Azərbaycanda həyata keçirilən siyasət çox böyük dövlətlər üçün bir nümunə olub və indiki iqtisadi və maliyyə böhranı sahəsində Azərbaycanda həyata keçirilən bu islahatlar ancaq alqışlanır. Düşünürəm ki il ərzində həyata keçirilən maliyyə siyasətinin eyni zamanda müxtəlif sahələr üçün yaxşı nəticə doğuracaq. Təhsillə bağlı həyata keçkirilən islahatlar təbii ki biz tərəfindən dəstəklənir və biz buna öz töhfəmizi verməliyik. Söhbət təkcə məktəblərdən, məktəbəqədər müəssisələrdən deyil, ali təhsil müəssisələrindən də gedir”.

Deputat bir neçə istiqamətdə islahatların aparılmasının lazım olduğunu deyib.

“Düşünürəm ki, bu istiqamətdə islahatlar vacibdir və bu islahatlar onunla bağlı olmalıdır ki, əgər universitetlər daha çox müstəqillik istəyirsə onlar müstəqil maliyyə siyasəti həyata keçiməlidirlər. Bununla bağlı dövlət öz addımlarını ata bilər. Eyni zamanda yataqxanalarla bağlı məsələ çox ciddidir. Xahiş edirəm ki, buna xüsusi diqqət ayrılsın. Hətta bizim regionalarda da olan ali mətkəblərin yanında yataqxana olmadığı üçün bir çox gənclər çalışırlar ki, Bakıya gəlib burada oxusunlar və burada da eyni problemlə üzləşirlər. Xahiş edirəm ki, yataqxanaların və ümumiyyətlə ali məktəblərin ətrafında olan obyektlərə diqqət yetirilsin”.
F.Muradov daha sonra çıxışında kənd təsərrüfatı sahəsində üzləşilən problemlərdən söz açıb.

“Kənd təsərrüfatı ilə bağlı üzləşdiyimiz problemlər var və bu gün də bu mövcuddur. İnsanlar öz məhsullarını sata və bazara çıxarda bilmirlər. Bəzi hallarda saxlanma yerlərinin olmaması problem yaradır. Ona görə düşünürəm ki, bu istiqamətdə iş gücləndirilməlidir. 2015-ci ildə dünya erməniləri qondarma soyqırımın yubileyini həyata keçirəcəklər. Ona görə istəyərdim ki, müvafiq dövlət qurumlarına vəsait ayrılsın ki, onlar bu təbliğatın qarşısını alsınlar. Düşünürəm ki, Azərbaycanın da imkanı var ki, ona əks olaraq yox, öz təbliğatını aparsın.

Keçən il biz müraciət etmişdik ki, Xocalı faciəsində hər iki valideyinlərini itirən 25 nəfərin məsələsinə baxılsın. Düşünürəm ki, onların məsələsinə birdə qayıtmaq olar. Bu çox böyük məsələ deyil. Eyni zamanda Azərbaycan dövləti tərəfindən, qaçqın və məcburi köçkünlər üçün cənab prezidentin sərəncamı ilə yeni binalar tikilir, məktəblər tikilir. Bu 25 uşağa xüsusi yanaşma olsa həm də bu biraz fərqlənər. Eyni zamanda ipoteka ilə bağlı müxtəlif fikirlər oldu. Düşünürəm ki, indiki mərhələdə ipotekanın azalmasına yol verə bilmərik. Xahiş edirəm ki, hökümət bu məsələyə baxsın. Bu gün gənclərin mənzil məsələsi bir nömrəli məsələdir. Azərbaycanın mentalitetində evə ailəyə bağlılıq məsələsi olduğu üçün ev məsələsi ən prioritet məsələlərdəndir. Hətta işdən də əvvəl mənzil məsələsi gəlir. Mən büdcəni dəstəkləyirəm”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti