Prezidentin Türkiyə səfəri bizə nə verdi? - ŞƏRH

Prezidentin Türkiyə səfəri bizə nə verdi? - ŞƏRH
  14 Noyabr 2013    Oxunub:1174
“İlk dəfədir ki, Türkiyə ilə Azərbaycan arasında belə genişmiqyaslı, sərmayə tutumlu böyük müqavilələr sistemi imzalandı”.
Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseynli prezident İlham Əliyevin Türkiyə səfərini şərh edərkən deyib.
Politoloq hesab edir ki, bu səfəri tarixi hadisə kimi dəyərləndirmək lazımdır:

“İlham Əliyevin bu ölkəyə səfərləri çox olub, amma bu dəfəki səfər özünün məzmunu ilə diqqət çəkəndir. Əvvəla Türkiyənin həm baş naziri, həm də prezidenti səviyyəsində İlham Əliyev çox yüksək səviyyədə qarşlandı. Əlavə olaraq bir sıra sazişlər imzalandı. Bu sazişlər ortaq sərmayənin yatırılması, ölkələr arasında elektron texnika sənayesi üzrə yeni müəssisələrin tikilməsi, xüsusilə silah istehsalı sahəsində birgə əməkdaşlıq və digər sahələri əhatə edirdi”.

Q.Hüseynli həmçinin vurğulayıb ki, səfərin mühüm nəticələrindən biri də viza rejiminin qismən aradan qaldırılması oldu.

“Ən mühümü odur ki, strateji ortaqlıq deyilən sazişə uyğun olaraq hər iki ölkənin siyasi rəhbərliyi hər iki ölkənin həyatına dair ən aktual məsələləri müzakirə etdi. Burada Dağlıq Qarabağ problemi öncül yeri tutdu. Bu səfərin mühüm nəticələrindən biri də budur ki, Türkiyə ilə Azərbaycan arasında viza rejimi qismən aradan qaldırıldı. İndi Türkiyədən gələn elm adamları, idmançılar, iş adamları və xüsusi hörmətli adamlar üçün viza tətbiq edilməyəcək. Bu, viza rejiminin tamamilə aradan qaldırlıması istiqamətində atılan mühüm addımlardan biridir. Bir sözlə, səfər çox uğurlu oldu. İki ölkə arasında qardaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirdi”- deyə ekspert prezidentin Türkiyə səfərini şərh edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti