DYP piyadalara qarşı reyd keçirib

DYP piyadalara qarşı reyd keçirib
  16 Fevral 2019    Oxunub:1790
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirici tədbir keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar müəyyənləşdirilib. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı riayət edilməli olan qaydalar onların diqqətinə çatdırılıb.

Bakı metrosunun “20 Yanvar” və “İnşaatçılar” stansiyalarının ətrafında keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozduğu üçün 50-dən artıq piyadaya xəbərdarlıq edilib. Onlara piyada keçidindən istifadənin vacibliyi izah olunub. Xəbərdarlığa məhəl qoymayan piyadalar barəsində inzibati protokol tərtib edilib.

Tədbir zamanı piyadaların daha çox “20 Yanvar” dairəsindəki körpünün altında qaydaları pozduqları diqqət çəkib. Belə ki, Bakı-Sumqayıt və digər istiqamətlərdə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri məhz körpünün altında avtomobillərdən düşürürlər. Nəticədə sərnişinlər yolu keçən zaman təhlükə ilə üzləşirlər. Yol polisi əməkdaşları bu qayda pozuntusuna şərait yaradan sürücülərə də ciddi xəbərdarlıq edib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin əməkdaşları bu istiqamətdə maarifləndirici tədbirləri bundan sonra da davam etdirməyi planlaşdırırlar.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti