Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanda keçiriləcək

Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanda keçiriləcək
  06 Fevral 2019    Oxunub:3567
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 2019-cu ilin 20-28 iyul tarixlərində Bakı şəhərində XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək məktəblərin direktorları ilə görüş keçirilib.
Azvision.az xəbər verir ki, Milli Olimpiya Komitəsində (MOK) təşkil olunmuş görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, MOK-un Marketinq şöbəsinin müdiri Mehman Kərimov, məktəb direktorları və proqramın işçi heyəti iştirak edib.



BŞTİ-nin müdiri Rəşad Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hər zaman idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini bildirib. R.Tağıyev, həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən bəhs edib.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 2019-cu ilin 20-28 iyul tarixlərində Bakı şəhərində XV Avropa Gənclər Olimpiya Festivalının Azərbaycanda keçiriləcəyini qeyd edən idarə müdiri, ümumilikdə Festivala 50 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması nəzərdə tutulduğunu bildirib. R.Tağıyev qeyd edib ki, Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) Bakı şəhərindən 50 məktəb iştirak edəcək.



İdarə müdiri Festivalda ölkəmizi təmsil edən məktəblilərin yüksək nəticələr əldə edəcəyinə və ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlarına inamını ifadə edib.

Tədbirdə çıxış edənlər XV Avropa Gənclər Olimpiya Festivalında məktəblərin rolu və vəzifələri barədə geniş məlumat veriblər. Bildirilib ki, proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir.

Daha sonra MOK-un əməkdaşı proqramın icrası üçün yaradılmış “@OCEP2019” ünvanlı sosial media platformasını təqdim edərək ondan proqramın icrası zamanı hansı istiqamətlərdə istifadə olunacağını izah edib.



Tədbir Festivala hazırlıq çərçivəsində müxtəlif ölkələrin təhsil müəssisələri ilə Bakı şəhər məktəbləri arasındakı əməkdaşlığı nəzərdə tutan püşkatma ilə başa çatıb.

Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Azvision.az


Teqlər: Festival  





Xəbər lenti