Anar Bağırov tələbə hüquqşünaslarla görüşüb
Kollegiyanın rəhbəri çıxışında tələbələrə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının vəkillik üçün əhəmiyyəti barədə məlumat verərək, həmin sənəddə dövlətimizin başçısı tərəfindən Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılmasının tövsiyə edilməsi məsələsini xüsusi olaraq vurğulayıb. Dövlətimizin başçısının tövsiyəsinin icrası çərçivəsində 2018-ci ildə 500-dən çox gənc hüquqşünasın vəkilliyə qəbul olunması və bu rəqəmin gələcəkdə daha da artırılmasının zərurəti bildirilib.
Müzakirələr zamanı Anar Bağırov bundan sonra Vəkillər Kollegiyasının gənc hüquqşünasların müxtəlif təlimlərin keçirilməsi, istehsalat təcrübələri, habelə bacarıqlı gənclərin vəkil qurumlarında işlərə cəlb edilməsi yolu ilə onlara himayədarlıq etməyə hazır olduğunu qeyd edib. Sədr bu görüşün ilk olmasını nəzərə alaraq növbəti aylarda hüquqa dair daha tematik mövzular ətrafında gənc hüquqşünaslar üçün Kollegiya üzvləri tərəfindən silsilə treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu ifadə edib. Həmçinin bu günlərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin keçirilməsinin və belə faydalı tədbirdə gənc hüquqşünasların iştirakının onlarda peşə vərdişlərinin formalaşması baxımından əhəmiyyəti qeyd olunub.
Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti aparatının rəhbəri Fərhad Nəcəfov, Vəkillər Kollegiyası və ELSA ilə əməkdaşlıq üzrə koordinatoru, “Kəngərli və partnyorları” vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli iştirak ediblər.
Azvision.az
Teqlər: Anar-Bağırov