“Övladının Türkiyədə oxuması üçün böyrəyini satan analar var” - Təhsil müşaviri

  “Övladının Türkiyədə oxuması üçün böyrəyini satan analar var” -    Təhsil müşaviri
  11 Yanvar 2019    Oxunub:5316
“Bu günə qədər 138 minə yaxın azərbaycanlı tələbə Türkiyədə oxuyub. Bu tədris ilində isə Türkiyənin Yükseköğretim Kurulunun (YÖK) statistik göstəricilərinə əsasən, 20 minə yaxın tələbə Türkiyədə təhsillərini davam etdirir”
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman deyib. O bildirib ki, 130 min Türkiyə məzununun Azərbaycanda xidmət etməsi böyük göstəricidir və bu göstərici hər il daha da artır.

Təhsil müşavirinin sözlərinə görə, övladının Türkiyədə təhsil alması üçün böyrəyini satan valideynlər də var: “Bəzi şirkətlər tərəfindən müəyyən sayda tələbənin Türkiyəyə aparılması ilə bağlı problemlər olur. Əgər şirkət bu sahədə ixtisaslaşmayıbsa, deməli, pul qazanmağı üstün tutur. Hərdən yanımıza maşınını satan valideynlər, böyrəyini satan analar gəlir və bunun şahidləri var. Övladını Türkiyədə oxutmaq istəyən valideynlərə biz də kömək etmək istəyirik. Azərbaycan gənclərinin Türkiyədə oxumasından məmnunuq, lakin Azərbaycanda yaxşı universitetləri də seçmək lazımdır. Təhsillə bağlı məşğul olan şirkətlər bu işdə diqqətli olmalıdır”.

M.Ağırman, həmçinin qeyd edib ki, 2019-cu tədris ilindən etibarən Türkiyənin Yükseköğretim Kurulu (YÖK) tərəfindən YÖS nəticələri ilə yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri də Türkiyədəki universitetlər tərəfindən nəzərə alınacaq.

“Biz Türkiyədəki ali təhsil müəssisələrini seçən azərbaycanlıların YÖS imtahanları verməsini istəyirik. İstəyirik ki, Azərbaycanlı gənclər yeni qurulan universitetdən çox, daha köklü akademik göstəriciləri, elmi heyəti olan ali təhsil müəssisələrini seçsinlər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Türkiyə   Təhsil   Müşavir  





Xəbər lenti